"Sumqayıt"ın müdafiəçisi Slavik Alxasovun futbolinfo.az saytına müsahibəsi
 
– Komandanızın "İnter"lə oyuna hazırlığı necə gedir?
– "İnter"lə oyuna hazırlığımız həmişəki qaydada davam edir. Bir neçə cəzalı oyunçularımız var. Buna baxmayaraq hazırlığımızı davam etdiririk.
 
– Sizinlə yanaşı Ruslan Qurbanov və Samir Abbasov da "İnter"lə oyunda iştirak etməyəcək. Yoxluğunuz komandanın oyununa necə təsir edəcək?
– Mənim, Ruslan və Samirin yoxluğu komandanın oyununa sözsüz ki, mənfi təsir edəcək. Buna baxmayaraq komandamız matça ciddi hazırlaşır. Ümid edirəm ki, komandamız bu görüşdə qənaətbəxş nəticə qazana biləcək.
 
– "Sumqayıt"ın heyət baxımından əziyyət çəkdiyi bir vaxtda etdiyiniz hərəkətdən peşman deyilsiz?
– Əlbəttə ki, peşmanam.
 
– Hakimə narazılığınız nədən ibarət idi ki? Niyə belə bir addım atdınız?
– Mən elə də narazılıq etmədim. Çıxıb gedəndə hakimə rus dilində nəsə dedim. O da düzgün başa düşmədi. Elə bildi ki, mən onu söymüşəm. Bunun üçün də məni cəzalandırdılar.
 
– Sizə verilən 4 oyunluq cəzanı necə qarşıladız?
– Vallah, nə deyim? Hər şey onların əlindədi. Necə istəsələr, elə də edəcəklər.
 
– Bu cəzalardan sonra komandada iclas keçirildi. İclasda bununla bağlı sizə nə deyildi?
– Bizə dedilər ki, belə biabırçılıq bir də olmasın. Belə intizamsızlıq olmaz. 
 
– Rəhbərlik buna görə sizə cərimə tətbiq etdi?
– Bununla bağlı bizə hələ heç nə deyilməyib.
 
– "İnter"lə oyunda komandanızdan hansı nəticəni gözləyirsiz?
– Komandamızın itirəcəyi bir şey yoxdu. Ancaq qalib gəlmək üçün meydana çıxacaqlar. Hüçum futbolu oynayıb, qalib gəlməyə çalışacaqlar.
 
– "Sumqayıt"ın elitada qalmaq şanslarını necə qiymətləndirirsiz?
– İnşallah, 3-cü dövrədə yaxşı olar. Qışda komandamız güclənəcək. Yeni oyunçular komandaya güc qatacaq.
 
– Son oyunda da qələbə qazana bilmədiz. Sizcə, bu uğursuzluqların səbəbi nədədi?
– Bizə birinci qolu oyundankənar vəziyyətdən vurdular. Bir də hakimlərin bizi sıxması sözünü deyir. Hakimlər neçə oyundu ki, bizi sıxırlar. Belə olmaz axı. Biz cavanıq, autsayder komandayıq deyə istədiklərini edirlər.
 
– Hakimlərin sizə qarşı bilərəkdən qərəzli mövqe tutduğunu düşünürsüz?
– Vallah, nə bilim? Neçə oyundu mübarizə aparırıq, axırda ya oyundankənar vəziyyətdən, ya da penaltidən qapımıza qol vururlar. Biz də nəsə deyən kimi, cəzalanırıq.
 
– Qışda sizi yenidən "Neftçi"də görə bilərik?
– Bəli. İnşallah, "Neftçi"yə qayıtmaq fikrim var. Hər şey onlardan asılıdı. Mənə deyiblər ki, yanvarda "Neftçi"yə qayıdacaqsan.
 
EMİN SƏFƏROV
Shares: