Cari mövsümdə işləri o qədər də qaydasında getməyən "Neftçi" növbəti dəyişikliyin astanasındadı. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, son 3 mövsümdə çempion olan paytaxt klubu növbəti oyununda xal itkisi ilə üzləşəcəyi halda, yenidən baş məşqçi dəyişikliyinə əl atacaq.
 
Məlum olduğu kimi, "ağ-qaralar" Topaz Premyer Liqasının 17-ci turunda doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Bu oyun indiki baş məşqçi Nazim Süleymanov üçün son şansdı. O, bu oyunda qalib gələ bilməsə, postundan qovulacaq. Çünki onun rəhbərliyi altında komandanın xüsusilə iddialı klublarla görüşlərdə qələbə qazana bilməməsi rəhbərliyi ciddi narahat etməyə başlayıb. Bu üzdən son çempion "Qəbələ"yə də qalib gəlməsə, istefa qaçılmaz olacaq.
 
Maraq üçün xatırladaq ki, Süleymanov "Neftçi"ni ilk dəfə 11-ci turda "Simurq"la səfər oyununa çıxarıb ki, həmin görüşdə hesab açılmayıb. 12-ci turda paytaxt klubu əzəli rəqibi "Xəzər Lənkəran"a 4:1, ardından "Bakı"ya 2:1 hesabıyla qalib gəlsə də, 14-cü turda səfərdə "İnter"ə məğlub oldu – 1:2. 15-ci turda səfərdə "Sumqayıt"a çox çətinliklə (2:1) qalib gələn "ağ-qaralar" son olaraq "Qarabağ"a məğlubiyyətə üzülüblər – 1:3. Bir sözlə, Süleymanovun "Neftçi"dəki fəaliyyəti qənaətbəxş deyil və "Qəbələ" ilə görüşün onun üçün son şans olması müəyyən mənada başadüşüləndi.
Shares: