“Rəvan”ın müdafiəçisi Hüseyn Axundovun futbolinfo.az saytına müsahibəsi
– Sizcə, “Rəvan” "Xəzər Lənkəran"a niyə məğlub oldu?
– Hamımız bilirdik ki, bu oyun çətin olacaq. 3 xal üçün gəlmişdik. Amma alınmadı. Buna baxmayaraq, biz meydanda mübarizə apardıq, sona qədər döyüşdük. Artıq qarşıdakı oyunlara baxmaq lazımdı. Bu oyun geridə qaldı və biz məğlub olduq.
– Komandanız ikinci hissədə daha yaxşı oynadı…
– Bu, hesabda geri olmağımızdan irəli gəlirdi. Məcbur idik ki, irəli atılaq və qol vuraq. Ona görə də ikinci hissədə daha çox hücumlara keçirdik. “Xəzər Lənkəran” da müdafiədə yaxşı oynadı və qalib gəldi.
– Təbii ot örtüyündə oynamaq “Rəvan”a problem yaradırmı?
– Düzdü, biz neçə ildi ki, süni ot örtüyündə oynayırıq. Artıq təbii ot örtüyündə oynayanda bu, bizə problem yaradır. Daha ağır olur. Bu gün “Xəzər Lənkəran” stadionunun ot örtüyü heç də bərbad deyildi, normal vəziyyətdə idi.
– “Xəzər Lənkəran”ın futbolçuları ilə tez-tez mübahisəniz olurdu. Bu, nədən irəli gəlirdi?
– Oyunda çox emosional oluram. Bu da komandamın qələbə qazanmasını daha çox istəməyimdəndi. Yoxsa mənim “Xəzər Lənkəran”ın futbolçuları ilə bir problemim yoxdu. Nə oldusa, mübarizə zəminində oldu. Başqa dava-dalaş etmək firkində olmamamışam.
– “Rəvan”ın bu yerdə olması oyunlarda komandaya təsir edirmi?
– Əlbəttə ki, təsir edir. Biz sanki “qara zolaq”dayıq. Bir qələbə lazımdı ki, özümüzə gələk. Bütün komanda bu yerdə olmağımızdan narazıdı. Özümüzü toparlamaq üçün bir oyunda yaxşı oynayıb, 3 xal əldə etməliyik. Düşünürəm ondan sonra ardı gələcək. İnanıram ki, qarşıda öz mübarizəmizlə bunu edə biləcəyik.
ELSEVƏR





