“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremin futbolinfo.az saytına müsahibəsi
 
– “Bakı” ilə oyunda “Qarabağ” 3 xal itirdi və liderliyi “Neftçi”yə verdi…
– Əslində biz hər oyuna yalnız 3 xal qazanmaq üçün çıxırıq. Amma bu dəfə qələbə əldə edə bilmədik. Bir neçə futbolçumuz yox idi. Bəziləri cəzalı, bəziləri isə zədəli idi. Əslində “Qarabağ” kimi bir komanda buna baxmamalıdı. Heyətdə kim var və kim yoxdu, fərq etməməlidi. Sadəcə, biz meydanda olmayanları layiqincə əvəzləyə bilmədik və sonda məğlub olduq.
 
– Rəqib komandanın futbolçuları açıqlamalarında bildiriblər ki, Reynaldo yoxdusa, “Qarabağ”ın 50 faizi yoxdu…
– Mən elə düşünmürəm. Əgər meydana 11 futbolçu çıxırsa, komandada əskik olmaması anlamına gəlir. “Qarabağ” kimi komandada pis futbolçu ola bilməz. O rəqib komandanın düşüncəsidi. Baş məşqçimiz hər kəsə güvənir. Xatırlayırsızsa, biz “İnter”ə və “Qəbələ”yə qarşı da Reynaldosuz və Almeydasız oynadıq, amma hər iki oyunda qalib gəldik.
 
– Liderliyi “Neftçi”yə verdiz. Onu geri almaq çətin olmayacaq?
– Bundan sonrakı oyunlarda “Bakı” ilə oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq. İnanıram ki, yenidən liderliyə qayıdacağıq.
 
– “Qəbələ”nin “Neftçi”yə məğlub olacağını gözləyirdizmi?
– Həm “Qəbələ”, həm də “Neftçi” güclü komandadı. Gözəl oyun oldu. Şanslar bərabər idi. Lakin “Neftçi” şanslarından daha yaxşı istifadə etdi. Ona görə də oyunu qazandı.
 
– Bir müddət öncə komandadakı durumunuzdan şikayətlənmişdiz. Qış fasiləsində “Qarabağ”dan ayrılmaq fikriniz varmı?
– İndi elə bir şey yoxdu. Burada mənim üçün hər şey çox yaxşıdı.
 
– Müqavilənizin müddəti nə vaxt bitəcək?
– Hələ ilyarım vaxt var.
 
– Qurban Qurbanov sizin komandada qalmağınızı istəyirmi?
– Onunla söhbətim olmayıb və mənim haqqımda düşüncələrini bilmirəm.
 
– Sizcə, çempionatın sonuna qədər qızıl medallar üçün elə 3 komanda mübarizə aparacaq?
– Yox, elə düşünümürəm. Məncə, mövsümün ikinci yarısında daha qızğın mübarizə olacaq. Heç bir komandanı kiçiltmək olmaz.
 
– Qarşıda “İnter”lə çətin oyun var. Bu matçdan nə gözləyirsiz?
– Çox önəmli oyundu. 2013-cü ili yaxşı əhval-ruhiyyədə bitirmək üçün mütləq qalib gəlməliyik. “Bakı”ilə oyundakı səhvi etməməliyik. “İnter”in son günlərdə yüksəlişdə olduğunu bilirik. Maksimum diqqətli oynamağa, qələbə qazanmağa çalışacağıq.
 
ELSEVƏR
Shares: