Sabah Topaz Premyer Liqasında 18-ci turun oyunları baş tutacaq. Bu matçlardan sonra ikinci dövrəyə yekun vurulacaq.
Diqqət mərkəzində olan oyunlardan biri də Şüvəlanda AZAL-la "Neftçi" arasında baş tutacaq. Futbolinfo.az saytına açıqlama verən AZAL-ın baş məşqçisi Vaqif Sadıqov qarşıdakı oyun haqqında fikirlərini bildirib:
"Simurq"dan aldığımız ağır məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət bir o qədər də yaxşı deyil. İtkilərimiz çoxdu. "Neftçi" ilə oyunda zədəli olan Qərib İbrahimovla yanaşı sarı vərəqə limitini aşan Ruslan Tağızadə də iştirak etməyəcək. "Neftçi" liderliyini qorumaq üçün əlindən gələni edəcək ki, AZAL-a qalib gəlsin. Ancaq futbolçularıma demişəm ki, ikinci dövrənin son matçında gələcəyə ümid verə biləcək bir oyunla yadda qalmalıyıq. Güclü bir rəqibə qarşı oynamağımıza baxmayaraq, "Neftçi"dən çəkinmirik. Çalışacağıq ki, öz meydanımızda qələbə qazanıb azarkeşlərimizə sevinc bəxş edək. Qış fasiləsində komandada çoxlu dəyişikliyə ehtiyac var. Bizim ehtiyyat qüvvəmiz bir o qədər də güclü deyil. AZAL-da hər mövqe üzrə səviyyəli futbolçuya ehtiyac var. Transfer dönəmində fəal olmağa çalışacağıq".





