Futbol üzrə Azərbaycan 1-ci divizionunda ilk dövrənin son turunun oyunu olan "Şəmkir" – "Turan-T" matçının yerinin dəyişildirilməsi şəmkirli azarkeşlər və futbolçuların ürəyincə olmayıb. Futbolinfo.az xəbər verir ki, PFL-in komandanın ev oyunlarını keçirdiyi yerli Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmadığını səbəb gətirərək görüşü Tovuza təyin etməsi narazlıqla qarşılanıb.
 
Xüsusilə oyunçular turun proqramı açıqlandıqdan sonra qurumun ani qərarla oyunun yerini dəyişməsinə sərt şəkildə etiraz ediblər. "Şəmkir"in yerli üzvləri rəhbərliyə ot örtüyünün bəhanə olduğunu bildirərək, bunu tovuzluların mümkün xal itkisindən özlərini sığortalamağa çalışmaq cəhdi ilə izah ediblər. Çünki kompleksin qazonu hazırda yaxşı vəziyyətdədi və bu, orada məşqlərin, eyni zamanda oyunların keçirilməsinə tam imkan verir.
 
Şəmkirli futbolçular qarşıdakı oyunu boykot etmək istələr də, AFFA-dan onlara "barmaq sirkələyiblər". Belə ki, federasiyadan maliyyələşən klub üzvlərinə oyuna çıxmayacaqları təqdirdə dekabr ayının məvaciblərinin verilməyəcəyi deyilməklə, hədə gəlinib. Nəticədə
məşqçilər korpusunun da işə qarışması ilə oyunçuları yola gətirmək mümkün olub.
Shares: