Bütün Azərbaycan birinciliklərində iştirak etmiş iki komanda var – bunlardan biri "Qarabağ", digəri isə "Neftçi"di. Bir-biriləri ilə gərgin mübarizəsi ilə seçilən klubların ortaq problemlərindən biri də stadion və bazalarının olmamasıdı. Maraqlıdı ki, bu gün turnir cədvəlinin ən üst pillələrində olan, hamıdan böyük tarixə malik olan, eyni zamanda avrokuboklarda ən uğurlu təmsilçilərimiz kimi tanınan bu cütlük həm də özünün bazasının olmaması ilə diqqət çəkir. Dünənin, srağagünün komandaları belə öz təlm-məşq bazalarına malik olduğu bir vaxtda məhz “Neftçi” və “Qarabağ” şəraitsizlikdən əziyyət çəkir.
Çoxu "Qarabağ"ı "Qafqazın Barselonası" adlansırsa da, ağdamlıların "qaçqın" komanda olduğu daha tez nəzərə çarpır. Mövsüm ərzində "Bakcell Arena", "Dalğa Arena", Tofiq Bəhrəmov adına Respublika stadionunda ev oyunlarını keçirmək üçün müraciət edən klubun hələ də bazası yoxdu. Düzdü, "Qarabağ" 1993-cü ilə qədər öz ev oyunlarını "İmarət"də keçirirdi. Elə burada komandanın bazası da var idi. Ancaq Ağdam işğal olunandan sonra komanda didərgin düşdü. Ağdamın işğalından 20 il keçsə də, "Qarabağ"ın hələ də təlim-məşq bazasının olmaması maraq doğurmaya bilməz. 2008-ci ildə xəbər çıxmışdı ki, "Qarabağ" Azərbaycan idmanı üçün misilsiz əhəmiyyəti olan bir işi həyata keçirir. Qafqazda analoqu olmayan kompleksin təməlatma prosesi reallaşmalı, Azərbaycan misli olmayan kompleksə qovuşmalıydı. Binə ərazisində, aeroportdan 2 km aralıda yerləşən, ən xırda detalın belə nəzərə alındığı kompleksin təməlatma prosesi də baş tutdu. Hətta klub rəhbərliyi cari mövsüm üçün futbolçuların qalacağı inzibati binanın hazır olacağını deyirdi. Mövsümün sonunda isə 3 yüksək səviyyəli futbol sahələri istismara hazır olacaqdı. Ancaq bu xəbər elə xəbər kimi də qaldı. Bunun üzərindən 5 il keçsə də, ortada heç nə yoxdu. Görünür bu layihənin "Azərsun Holdinq" üçün baha başa gəldiyini düşünüb, addımlarını geri atdılar.
Düzdü, komanda Ağdamda oynaya bilərdi. Ancaq orada olan şəraitin ürəkaçan olmadığını dilə gətirdilər. Bununla da "Qarabağ"ın Quzanlıda oynaması məsələsi birdəfəlik bağladıldı. Bu addım bir çoxları tərəfindən elə də yaxşı qarşılanmadı. Bunun üçün bir çoxları klub rəhbərliyinə ciddi iradlar bildirdilər. Klub rəsmiləri isə bunu "Ağdam camaatına Qarabağ adının Avropada səslənməsi və komandanın uğur qazanması lazımdı. Biz də çalışırıq ki, bunu edək. Ağdama gedib 4-5 oyun keçirib Avropaya çıxmamaqdansa, Bakıda normal nəticə qazanıb bütün Azərbaycan xalqını sevindirmək önəmlidi" deyərək məsələdən yayınmağı bacardılar.
Bütün xalqı sevindirmək istəyirik deyərkən, görünür Ağdamda yaşayanları xalqdan saymadılar. "Qarabağ" rəhbərliyi üçün ağdamlıların futbol sevgisi bir o qədər də maraqlı olmadı. Bunun üçün də "Neftçi" İdman Sağlamlıq Mərkəzinə məxsus olan Tofiq İsmaylov adına Surxanı qəsəbə stadionunu 25 illiyə icarəyə götürdülər. Bu, sabah Ağdam alınsa belə, "Qarabağ"ın Ağdama qayıtmayacağından xəbər verirdi.
Kimdən soruşsaz ki, Azərbaycan futbolu haqqında nə bilirsən? İşlətdiyi 2-3 cümlənin içərisində mütləq "Neftçi" komandasının adını çəkəcək. Axı, "Neftçi" "xalq komandası"dı. Bütün Azərbaycan birinciliklərində iştirak etməsinə baxmayaraq, hələ də "Neftçi"nin nə stadionu, nə də bazası var. 1937-ci ildə yaranan komandanın belə imkanlardan istifadə edə bilməməsi həqiqətən də gülünc görsənir.
Rövnəq Abdullayev "Neftçi"nin prezidenti olarakən komandaya stadion tikilməsi haqqında qərar qəbul olunmuşdu. Həmin stadion tutumu isə 20 minlik olmalı idi. Nobel və Babək prospektlərinin arasında tikilməsi planlaşdırılan bu stadionun inşası müəyyən səbəblər ucbatından baş tutmadı. Daha sonra “Neftçi” rəhbərliyi Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına stadionu alaraq orada yenidənqurma işləri aparmağı, klub üçün baza tikməyi planlaşdırırdı. Sadəcə, tikinti işləri aparılarkən stadiona məxsus ərazinin az olması iş icraçılarını vadar edib ki, stadiondan kənardakı əraziləri də arenanın tikinti hissəsinə salsınlar. Ancaq "Neftçi"nin sponsoru ARDNŞ ilə Sabunçu Rayon İcra Hakimiyyəti arasında razılıq əldə etmək mümkün olmadı. Bakıxanov ərazisində torpaq sahəsinin qiyməti baha olduğundan ARDNŞ bu ərazi üçün milyonlar ödəməkdən boyun qaçırtdı.
Əslində, bu problemləri aradan qaldırmaq bir o qədər də ciddi iş deyil. Şirkətlər var ki, 18 mərtəbəli binanı 2 ilə tikib, istifadəyə verir. Ancaq bu iki klub baza və stadion problemini qaldırmaq üçün bir o qədər də ürəkdən cəhd etmirlər. Neçə ildi eşidirik ki, Surxanı qəsəbə stadionunda təmir gedir. Bir də ayılacaqlar ki, 25 illik icarə müddəti başa çatıb.
Bayırda təmiz hava var. Kondisioner havası bir o qədər də xeyirli deyil. Kabinetdən bayıra çıxıb arada ətrafınıza da baxın. Baxın, 2004-cü ildən bu yana yaranan "Xəzər Lənkəran", "Qəbələ" , "Simurq" kimi klubların bazası var, ancaq sizin yoxdu. Bakının hər rayonunda bir "Bazarstore" açan klubun sponsoru "Azərsun Holdinq" hələ də komandaya baza tikmək üçün gecikir. Buradan da belə görünür ki, "Qarabağ" kimlər üçünsə "Bazarstore"nin ilk beş hərfindən ibarətdi. Elə eyni sözləri "Neftçi"nin sponsoru olan ARDNŞ haqqında da demək olar. Dövlət büdcəsindən asılılıq bu komandanı evində ikən qaçqına çevirib.
EMİN SƏFƏROV





