Futbol üzrə UEFA Çempionlar Liqası və Avropa Liqasının püşkatma və təsnifat mərhələsinin keçirilmə vaxtı məlum olub. Futbolinfo.az xəbər verir ki, ÇL-in birinci təsnifat mərhələsinin ilk oyunları 1-2 iyul, cavab görüşləri 8-9 iyulda, ikinci mərhələ oyunları 15-16 və 22-23 iyulda, üçüncü mərhələ oyunları 29-30 iyul və 5-6 avqustda, pley-off oyunları 19-20 və 26-27 avqustda keçiriləcək.
Qrup mərhələsinin oyunları ilə 16-17 sentyabrda start götürəcək.
Avroliqanın ilk təsnifat mərhələ oyunları 2-10 iyulda, ikinci mərhələ oyunları 17-24 iyulda, üçüncü mərhələ oyunları 31 iyul və 7 avqustda, pley-off oyunları isə 21-28 avqustda baş tutacaq. Qrup mərhələsinin oyunları isə 18 sentyabrda başlayacaq.
Yarışların ilk və ikinci mərhələsinin püşkatması 23 iyunda, üçüncü mərhələ üçün püşkatma 18 iyulda, pley-off mərhələsi üçün isə 8 avqustda keçiriləcək. Qrup mərhələsinin püşkatması isə ÇL və Avroliqa üçün müvafiq olaraq 28 avqustda baş tutacaq.
Qeyd edək ki, ölkəmizi ÇL-də yalnız bir klub təmsil edə bilər. Bu da Premyer Liqanın qalibi olan komanda olacaq. Həmin komanda ÇL-ə ikinci təsnifat mərhələsindən qoşulacaq. Avroliqada isə üç iştirakçımız mübarizə aparacaq. Bunlar Premyer Liqanın gümüş və bürünc mükafatçıları, həmçinin, ölkə kubokunun qalibi olan komandalar olacaq. Kubokun qalibi Avroliqada mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Premyer Liqa mükafatçıları isə ilk mərhələdən yarışa qatılacaq.





