"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun futbolinfo.az saytına müsahibəsi
 
-"İmarət" azad azarkeş qrupunun təşkil etdiyi tədbir sizdə necə təssüratlar yaratdı?
– Biz belə bir tədbir gözləyirdik. "İmarət" hər ilin sonunda belə tədbir keçirir. Hər dəfə gəldiyimdə yeni simalar görürəm. Sevinirəm ki, azarkeşlərimizin sayı çoxalır. Azarkeşsiz futbol bir o qədər də sevindirici olmur. Hər kəs çox gözəl çıxış etdi. Hamı fikrini doğru, düzgün bildirdi. Komandamız adından tədbirdən çox razı qaldım. Mən də azarkeşlərə söz verirəm ki, "Qarabağ" hər matça son oyun kimi çıxacaq. Onlar meydanda yaxşı oyunla bərabər, həm də mübariz bir komanda görəcəklər. 
 
– Artıq qış fasiləsi başlayıb. "Qarabağ" bu fasilədən necə yararlanacaq?
– Futbolçularımın hamısı istirahətdədi. Düzdü, istirahət üçün çox az vaxtımız var. Bütün planlarımız yanvar ayının 7-dən sonra başlayacaq. Çalışacağıq ki, qış fasiləsində "Qarabağ"ı daha da yaxşılaşdıraq.
 
– Qış fasiləsində ən çox hansı mövqeləri gücləndirməyə çalışacaqsız?
– Dekabr ayında bu prosesi gerçəkləşdirmək çətindi. Hər mövqeyə istəyərdim ki, bir futbolçu dəvət olunsun. Çünki, çempionatımız gündən-günə çətinləşir. Oyunların sayı çoxalıb. Bir neçə oyunçunun komandamıza gəlməsinə ehtiyacımız var. Bu, nə dərəcədə alınacaq, bunu hələ deyə bilmərəm.
 
– Komandadan hansı oyunçuları göndərməyi planlaşdırırsız?
– Əsas heyət oyunçularından kimisə göndərmək fikirim yoxdu. Yalnız Murad Səttarlı, Tural İsgəndərov və Toğrul Bilallını hansısa klublara icarə əsasında göndərmək fikrim var. Onların oynayıb, təcrübələrini artırmalarına ehtiyac var ki, 6 ay icarədə oynadıqdan sonra "Qarabağ"da əsas heyətə düşə bilsinlər.
 
– Tədbirdə Rəşad Sadıqovla yanaşı, siz də qeyd etdiz ki, azarkeşlərin təhqiramiz ifadələr işlətməsinin əleyhinəsiniz…
– Bu gün biz hamımız futbolumuzun inkişafı üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. "Qarabağ" digər komandalardan fərqlidi. Çünki "Qarabağ" adı gəldikdə ilk növbədə hər kəsin ağlına işğal olunmuş torpaqlarımız gəlir. Bizim komandaya maraq, digər klublardan daha çoxdu. Tək oyununa görə yox, həm də adına görə. Bunun üçün də biz öz əxlaqımızı qoruyub, saxlamalıyıq. Məşqçilər, futbolçular hər zaman şikayət edirlər ki, azarkeşlərimiz azdı, tribunalar boşdu. Stadiona qadınlar, uşaqlar gəlir. Belə ifadələr nəinki futbolumuza, hətta mədəniyyətimizə belə yaraşmır. Çox insanlar var ki, anası, bacısı dünyadan köçüb gedib. Elə insanlar da var ki, müharibə zamanı valideyinlərini itirblər. Kiminsə mənliyinə, şəxsiyyətinə toxunacaq ifadələrin işlədilməsinin tərəfdarı deyiləm. Futbolçu, məşqçi, hakimlər də səhv edirlər. Bu zaman hakimi də söymək düzgün deyil. Axı o da insandı, səhv edə bilər.
 
– Son turda "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov hakim Orxan Məmmədovu sərt şəkildə təhqir edirdi. Belə təhqiramiz ifadələrin klub rəsmiləri tərəfindən də işlədilməsi nə dərəcədə düzgün addımdı?
– Düzü, mən orada hansı ifadələr işlədildiyini bilmirəm. Çünki həmin gün başım öz komandamın oyununa qarışmışdı. Biz bu gün təhqirlərin əleyhinə olmaqla digərlərinə də örnək olmalıyıq.
 
– Berti Foqts növbəti 2 ildə də yığmamızın sükanı arxasında olacaq. Sizcə, növbəti 2 ildə alman mütəxəssisdən hansı uğurları gözləyə bilərik?
– İlk növbədə Foqtsa uğurlar arzu edirəm. Neçə illərdi Azərbaycandadı və mentalitetimizə bələd olan biridi. AFFA da istəməz ki, milli komandamız uğursuz çıxış etsin. Düşünüblər ki, düzgün qərar veriblər. Milli komanda bizim hamımızındı. Mən də bir məşqçi olaraq çalışacam ki, yığma komandaya futbolçularımı hazır yollayım.
 
– Niyə hər kəs Foqtsun ən layiqli alternativi kimi məhz sizi görürüdü?
– Biz hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Biz də nə vaxtsa hansısa bir posta getsək, digər həmkarlara eyni suallar veriləcək. Çalışmalyıq ki, Foqtsa kömək edək. Milli komandanın içində olmasaq da, "Qarabağ" olaraq futbolçularımızı daha da yaxşı hazır etməliyik.
 
– Alman mütəxəssisin köməkçiləri Aslan Kərimov və Mahmud Qurbanov oldu. Onlarla hətta bir vaxtlar milli komandada da bir yerdə oynamısız. Bu addımı necə qarşıladız?
– Sevindirici haldı ki, öz gənc məşqçilərimizə də şərait yaradırlar. Onlara da uğurlar arzu edirəm. Düşünürəm ki, baş məşqçiyə daha yaxından məlumat verəcəklər və çempionatın oyunlarını daha çox izləyəcəklər.
 
EMİN SƏFƏROV
Shares: