“İmişli” üçün Premyer Liqanı tərk etmək təhlükəsi bitdi. Riyazi cəhətdən kiçik ehtimal qalsa da, reallıq başqadır. Autsayderlər bu qədər miskin vəziyyətdə ikən Jorj Kaşkilyanın yetirmələri hətta 9-cu pillədən də aşağı enməyəcək.

“İmişli” iki əsas rəqib üzərində ardıcıl qələbələrlə işi bitirdi. Komanda bunu öz stilində, təkqolluq qələbələrlə reallaşdırdı. Uzun müddət davam edən seriyadan sonra bunu bacarmaq hədəfə çatmaq niyyətinin ciddiliyindən xəbər verir. “İmişli”nin mövsüm üçün vəzifəs elə bu idi və işi son turlara saxlamadı.

Uğursuzluq seriyası bitən “Sumqayıt” isə arxayınlaşmamalıdır. Dünənki qələbə futbolçu və məşqçi heyətinin zəhmətinin nəticəsi deyildi, rəqibin hədiyyəsidir. Bu qədər bərbad oynayıb qələbə qazanan “kimyaçılar” üçün 3 xal qiymətlidir, lakin komandada heç nə dəyişməyib. Saşa İliç və yetirmələri mövsümü vaxtından əvvəl başa vurub, oyunlara yalnız formallıq kimi yanaşırlar.

Məğlubların durumu daha bərbaddır. Sanki “Kəpəz”lə “Qəbələ” I Liqa təmsilçisi ilə pley-off oynamaq üçün bir-biri ilə yarışırlar. “Karvan-Yevlax” bir qədər tez ayılsaydı, onlardan birini hətta son pilləyə də ata bilərdi. Hələ də buna şans var, arada xal fərqi azalıb, amma düzü, bu variant az inandırıcıdır.

“Kəpəz” azarkeşləri komandanının zəif çıxışına görə hesabat istəməkdə haqlıdır. Gəncəlilər “Qarabağ”ı iki dəfə yenib, iddialıları büdrədib zəiflərə asanlıqla təslim olacaq qədər təzadlı olmamalıdırlar. Deməli, yaxşı nəticələr motivasiyanın məhsulu imiş. Autsayderlərə ardıcıl yenilgilər “Kəpəz”in sabit komanda olmamasından xəbər verir.

Klub daxilində nələrin baş verdiyini bilmirik. Görünən odur ki, yeni çempionatda da “Kəpəz”i öz ampluasında görəcəyik – mövsümöncəsi təlatümlər, uğursuz start, ardınca çempionat boyunca son pillələrdən qurtulmağa cəhd. Baş məşqçi Azər Bağırov artıq özünü “Sumqayıt” və “Şamaxı”ya təklif edib. Yayda məşqçiləri ilə vidalaşacaq bu komandalardan birində çalışmaq istəyən mütəxəssis Gəncədən qaçmaq istəyrsə, deməli, nələrisə bilir, “Kəpəz”in böyüməyəcəyini anlayır və özünə gün ağlayır. Ancaq hələ heç nə həll olunmadan “Kəpəz”i yaddan çıxartmaq peşəkarlığa nə qədər yaraşır?

Gəncə təmsilçisinin autsayderlərə ardıcıl məğlubiyyəti klubdaxilində birliyin olmamasının nəticəsidir. Futbolçular, məşqçilər missiyanı bitmiş sayır və gələcək iş yerlərni müəyyənləşdirir. “Kəpəz” azarkeşləri bu münasibətə layiq deyil. Rəhbərlik təcili müdaxilə etməli və komandanı toparlamalıdır.

“Qəbələ”də vəziyyət başqadır. Bu komandanın heyəti kifayət qədər güclüdür, dünən də rəqibdən daha üstün oynadılar. Amma saysız qol vəziyyətlərindən yararlanmaq mümkün deyilsə, artıq bu, oyunçu keyfiyyətinə bağlı məsələ deyil. Qəbələlilər futbola xəyanətin cavabını alırlar. Nə demək istədiyimi Kaxaber Sxadadze yaxşı bilir – o, rəhbərliyi aldatmağı tərgitsə, bəlkə də mükafatını alacaq, günahları həddi aşıbsa, hətta pley-off oyununda da məğlub olacaq. “Qəbələ” şəxsi maraqları üçün istifadə olunası komanda deyil, yekun nəticə nə olursa-olsun gürcü çalışdırıcı yayda qovulmalıdır!

ABBAS

Shares: