“Sabah”ın hücumçusu Coy-Lens Mikels Misli Premyer Liqasının cari mövsümündə ən çox penalti yerinə yetirən futbolçu ünvanını ələ keçirib.
Futbolinfo.az saytının məlumatına görə, almaniyalı forvard bu mövsüm artıq 6 dəfə onbirmetrlikdən yararlanıb.
Mikels son olaraq 28-ci turda “Qarabağ”la səfər matçında dairə arxasına keçib. Lakin o, 13-cü dəqiqədə qapıçı ilə üzbəüz dueldə fərqlənə bilməyib. Bununla hücumçu cari mövsüm ilk dəfə penaltini boşa verib.
Çempionatın bombardiri “Zirə”nin müdafiəçisi Ruan Renato və “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqomun göstəricisini yaxşılaşdırıb. Onlar da buna qədər 5 dəfə penalti vurmuşdular. Renato 4, Ramalinqom isə 2 dəfə zərbəni qola çevirməyi bacarıb.
“Sabah” isə bu mövsüm ən çox penalti qazanan komandadır. Premyer Liqanın lideri 9 dəfə belə zərbədən istifadə edib və ilk dəfə “Qarabağ”la son matçda qol sevinci yaşamayıb. İkinci pilləni hərəyə 7 penalti yerinə yetirən “Qarabağ”la “Sumqayıt” bölüşür.






