Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, İslam Bazarqanov (57 kq) 1/4 finalda Arıyan Tsyutrini (UWW) məğlub edərək buna nail olub.

Cəbrayıl Hacıyev (79 kq) isə eyni raundda Aksarbek Qulayevdən (Slovakiya) güclü olub.

Rəşid Babazadə (65 kq) Niko Meqerleyə (Almaniya) qalib gəlsə də, 1/4 finalda Bəşir Maqomedovla (UWW) bacarmayıb.

Kənan Heybətov (70 kq) Aleksey Boruta (Ukrayna), Osman Nurmaqomedov (97 kq) isə Qivi Matçaraşviliyə (Gürcüstan) uduzub.

Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Shares: