“Simurq”un yarımmüdafiəçisi Raul Kostinin futbolinfo.az saytına müsahibəsi
 
– Artıq Topaz Premyer Liqasında 18 tur geridə qaldı. Geridə qalan turlar komandanız üçün necə keçdi?
– Məncə, bu 18 turu yaxşı bitirdik. Hər şeyin ən yaxşısını etməyə çalışdıq, uğur qazanmaq üçün döyüşdük. “Qəbələ” ilə oyunda son dəqiqələrdə qapımızda qol görmüşdük. Əgər o qol olmasaydı, bir xal artıq da qazana bilərdik. Ümumilikdə, çıxışımızı pis dəyərləndirmək olmaz. Amma düşünürəm ki, çempionatın ikinci yarısından daha yaxşı oynamalıyıq. Uğurlu start verib, elə də bitirməliyik.
 
– Komanda son iki oyunda 3:0 hesablı qələbə qazanıb. Bu “Qəbələ”yə məğlubiyyətin təsiri idimi?
– Biz hər oyunda qələbə qazanmaq istəyirik. Bütün komanda bunun üçün çalışır. Biz nə bacarırıqsa, onu da edirik. “Qəbələ”yə son saniyələrdə məğlub olduq. Onun üçün də əhval-ruhiyyə yaxşı deyildi. Amma AZAL-la oyuna yaxşı kökləndik və 3 xalı 3 qolla qazandıq.
 
– Son iki oyunda 2 qol vurmusuz…
– Birinci növbədə qələbəmizə sevinirəm. Qələbə qazanmaq üçün qol vurmalısan. Mən də qollar vurduğum üçün sevinməyə bilmərəm. İnanıram ki, qarşıdakı 18 turda komandam üçün daha vacib qollar vuracam. Bütün fikrim komandama kömək etməkdi.
 
– Azərbaycan Premyer Liqası haqqında təəssüratlarınız necədi?
– Fikrimcə, çempionat maraqlı keçir. Burada yaxşı komandalar və yaxşı futbolçular var.
 
– Hansı komandaları daha güclü sayırsız?
– “Neftçi”, “Qarabağ”, “Qəbələ”nin gücü hamıya məlumdu. Onlar liderlər qrupundadılar. Lakin bu, o demək deyil ki, təkcə onlar güclü komandalardı. Məsələn, “Bakı”, “İnter”, “Xəzər Lənkəran” heç də onlardan geri qalmır. Ümumiyyətlə, heç bir komandanı siyahıdan silmək olmaz. “Neftçi” AZAL-a məğlub oldu. Lider lap sonuncu yerdə gedən komanda ilə oyunda da xal itirir. Mənim üçün ən güclü komanda “Simurq”du.
 
– Yayda birinci “Xəzər Lənkəran”a keçəcəyinizlə bağlı söz-söhbətlər yayılmışdı. Amma sonra sizi “Simurq”da gördük…
– Belə bir məsələ var idi. “Xəzər Lənkəran” məni heyətində görmək istəyirdi. Amma sonra nə oldu, onu mən də bilmədim. Menecerimlə danışmışdılar. Sonra isə xəbərim olmadı və mən “Simurq”a gəldim.
 
– “Simurq”u bu mövsüm avrokuboklarda görə bilərik?
– Buna ümid edirəm. Yaxşı nəticə qazanmaq lazımdı. Son iki oyundakı kimi davam etsək, çox şeyə nail ola bilərik. Qələbələrə ehtiyacımız var.
 
– Zaqatala klubu bir müddət oyunlarının hamısını səfərdə keçirdi. Əgər fərqli olsaydı, siz evdə oynasaydız, komandanı daha yaxşı yerlərdə görmək olardı?
– Bizim üçün təbii ki, Zaqatalada oynamaq daha yaxşıdı. Azarkeşlərimiz dəstək verir və biz daha yaxşı oyun göstəririk. Orada oynayanda doğrudan da özümüzü evimizdəki kimi hiss edirik. Ev oyunlarımızı fərqli məkanlarda keçirmək bizim üçün yaxşı deyildi.
 
– Müqavilənizin müddəti nə zaman bitir?
– Hələ yaya qədər müqaviləm var.
 
ELSEVƏR
Shares: