Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən klublar heyətlərini gücləndirmək üçün hərəkətə keçib. Futbolinfo.az xəbər verir ki, qış fasiləsindən sonra daha güclü heyətlə çempionluq mübarizəsinə davam etmək üçün "Neftçi" də öz planlarını həyata keçirməyə çalışır. Belə ki, paytaxt klubu əvvəlki mövsümlərdən fərqli olaraq, bu dəfə tam fərqli strategiya seçib. "Ağ-qaralar" geridə qalan oyunlara gənc futbolçularla çıxmağa qərar verib.
 
"Neftçi" artıq digər yerli klublarda icarə əsasında top qovan futbolçularını geri çağırıb. Belə ki, "Qaradağ Lökbatan"ın şərəfini qoruyan İlham Allahverdiyev və "Araz Naxçıvan"ın formasını geyinən Emil Balayevi geri çağırıb. Bundan başqa Bakı klubu qış təlim-məşq toplanışına icarə əsasında "Sumqayıt"da top qovan Slavik Alxasov, Ruslan Qurbanov, Elşən Abdullayev və Kərim Diniyevlə birgə yollanacaq. Toplanışdan sonra kimlərin qalacağı barədə qərar qəbul olunacaq. Mahir Şükürov və Rəşad Sadiqovu çıxsaq, komandanın şərəfini qoruyan digər yerli futbolçuların gənc olduğunu görərik. Qış transfer planlarından danışan vitse-prezident Tahir Süleymanov legioner futbolçuların heyətə cəlb olunmayacağını bildirib. Bundan başqa klub rəsmisi gənc futbolçulara şans verilməsinin vacibliyindən danışıb:
 
"Başqa klublarda icarə əsasında oynayan futbolçularımız qış təlim-məşq toplanışına "Neftçi" ilə birgə yollanacaq. Bu "Neftçi"nin son 4 ildə gördüyü işlərin nəticəsidi. Biz səviyyəli legionerlə yanaşı, yerli gənclərin yetişməsinə önəm vermişik. Bu səbəbdən də legioner transferimiz olmayacaq. Burada söhbət "Neftçi"nin çempion olub-olmamasından getmir. Bizim yolumuz gəncləri Azərbaycan futboluna qazandırmaqdı. Bu səbəbdən də gənc futbolçularımızı təlim-məşq toplanışına aparacağıq. Yəqin ki, onların bir neçəsi "Neftçi"də möhkəmlənməyə hazırdı. Digərləri isə yenidən icarəyə verilə bilər. Elvin Yunuszadə, Tərlan Quliyev, Araz Abdullayev, Emin Mehtiyev də gənc futbolçularımızdandı. Biz onlara şans verdik. Hazırda onlar komandanının aparıcı futbolçularındandı. İndi isə sıra Elşən Abdullayevə, Slavik Alxasova, Nicat Qurbanova və digər gənc futbolçularımıza çatıb. Planlı şəkildə iş görməklə gənclərə şans verilməlidi. Neymarın neçə yaşı var? Əgər Neymar 16-17 yaşında "Santos"da oynamasa, bu gün "Barselona"da ola bilərdimi? Təəssüf ki, bizdə 25 yaşadək futbolçuları gənc sayırlar. Federasiyanın 21 yaşadək futbolçularla bağlı qərar qəbul etməsi isə yaxşı haldı".
 
Süleymanovun dediyi kimi, yerli futbolçulara şans verilməsi, gənclərə şərait yaradılması müsbət haldı. Hər halda indiki yerlilərimizin yaşını nəzərə alsaq, 3-5 ildən sonra Azərbaycan futbolunu bu gənclər təmsil edəcək. Hər halda "Neftçi"nin bu işinə qiymət verməmək olmaz. Bundan başqa "ağ-qaralar" heyətdən bir neçə legioneri də göndərmək qərarına gəlib. Paytaxt təmsilçisi Bruno Bertuççi və Karlos Kardosoya elçi düşən əcnəbi klublarla razılaşarsa, hər iki legioner qışdan sonra Premyer Liqada forma geyinməyəcək. Göndərilən futbolçuların siyahısına Melvin Platye də əlavə edilsə, demək olar ki, "Neftçi" bir nömrəli "lazımsız"ından canını qurtaracaq.
 
"Neftçi"ni əməlli-başlı müdafiə edən Bertuççinin komandadan göndərilməsinin nə dərəcədə düzgün addım olduğunu deyə bilmərik. Düzdü, əvəzolunmaz futbolçu yoxdu. Lakin rəhbərliyin etibar etdiyi gənc futbolçuların daha da peşəkarlaşması üçün onların yanında Bertuççi, Kardoso kimi futbolçuların oynaması mütləqdi. Əks təqdirdə çempionluğa iddialı bir komanda inamsız müdafiə ilə rəqabətə tab gətirə bilməz.
 
Müdafiədən başqa qapıçı məsələsinə də toxunmaq lazımdı. Saşa Stamenkoviç və Pavel Doroşevin əlcək sahibi olduğu bir komandada Emil Balayevin uzun müddət tab gətirə biləcəyi inandırıcı görünmür. Hər halda bütün oyunlarda Saşanın qapını qoruduğunu nəzərə alsaq, serbin zədəli və cəzalı olduğu oyunlarda Doroşevin qapıya keçdiyini düşünsək, Balayevin "Neftçi"də saxlanılması gənc qolkiperin məhvinə gətirib çıxarar. Hər halda qaş düzəldən yerdə, göz çıxarmaq lazım deyil. Burada söhbət tək "Neftçi"nin uğurundan yox, gənc futbolçuların gələcək karyerasından da gedir.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: