“Səbail” karyeramın vacib mərhələlərindən biri olub. Klubda olduğum müddətdə həm futbolçu, həm də insan kimi dəyərli təcrübə qazandım. Rəhbərliyə, məşqçilər heyətinə və azarkeşlərə təşəkkür edirəm. Futbolda bəzən komfort zonasından çıxaraq yeni çağırışları qəbul etmək lazımdır. Mən də bu mərhələdə karyeram üçün yeni bir addım atmağın daha doğru olacağını düşündüm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Səbayıl Bağırov deyib.

Bağırov “Səbail”dən ayrılaraq “Ozqon”u seçmə səbəblərinə də aydınlıq gətirib: “Qırğızıstandan təklif aldıqdan sonra klubun layihəsi, hədəfləri və mənə münasibətləri ilə yaxından tanış oldum. Klub rəhbərliyi mənə ciddi maraq göstərdi və bu, qərar verməyimdə mühüm rol oynadı. Eyni zamanda transfer prosesində menecerim Qvanzav Maqomedov böyük əmək sərf etdi. O, danışıqların peşəkar səviyyədə aparılmasında, bütün detalların razılaşdırılmasında və mənim üçün ən doğru seçimin formalaşmasında önəmli rol oynadı. Nəticədə həm idman baxımından, həm də şəxsi inkişafım üçün bu addımın doğru olduğuna inandım”.

Səbayıl yeni komandasında bir neçə azərbaycanlı oyunçunun çıxış etməsinin də seçimində rol oynadığını vurğulayıb: “Yeni komandamda Orxan Əliyev, İldar Ələkbərov və Ramin Əhmədov kimi azərbaycanlı futbolçular da çıxış edir. Bu amilin qərarıma müəyyən təsiri oldu. Yeni ölkəyə və yeni komandaya uyğunlaşmaq prosesində tanıdığın insanların olması hər zaman üstünlükdür. Onlarla söhbətlərimiz zamanı həm klub, həm də çempionat barədə müsbət fikirlər eşitdim. Bu da qərarımı daha rahat və inamlı şəkildə verməyimə kömək etdi”.

Müdafiəçi Qırğızıstan çempionatı barədə də araşdırma apardığını bildirib: “Çempionatla bağlı kifayət qədər araşdırma aparmışam. Son illərdə Qırğızıstan futbolunun inkişaf etdiyini və liqanın rəqabət səviyyəsinin yüksəldiyini görmək mümkündür. Burada fiziki mübarizənin, sürətli oyunun və yüksək motivasiyanın ön planda olduğunu bilirəm. Mən də bu mühitdə öz keyfiyyətlərimi nümayiş etdirmək və komandama faydalı olmaq istəyirəm”.

31 yaşlı futbolçu qarşısına qoyduğu məqsədlərdən də söz açıb: “Mənim üçün ən vacib məsələ komandama fayda verməkdir. Şəxsi hədəfim sabit və yüksək səviyyəli performans göstərmək, təcrübəmi komandanın uğurları üçün istifadə etməkdir. Komanda olaraq isə mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaq, klubun hədəflərinə çatmasına töhfə vermək və azarkeşlərin etimadını qazanmaq istəyirik”.

Sonda isə transferini karyerasında mühüm addım kimi qiymətləndirən Bağırov bunları deyib: “Bu transferi karyeramda yeni və önəmli mərhələ kimi dəyərləndirirəm. Artıq müəyyən təcrübəyə sahibəm və düşünürəm ki, məhz bu yaşda futbolçu həm fiziki, həm də taktiki baxımdan daha yetkin olur. Yeni ölkə, yeni çempionat və yeni məqsədlər məni motivasiya edir. Mən bu çağırışı böyük həvəslə qəbul etmişəm. Hər zaman düşünmüşəm ki, futbolçunun özü yox, meydandakı işi danışmalıdır. Buraya böyük motivasiya ilə gəlmişəm və əsas məqsədim hər gün çalışaraq komandanın uğurlarına öz töhfəmi verməkdir. Qalan qiyməti isə zaman və meydandakı performans verəcək”.

GÜNAY SÜLEYMANOVA

Shares: