Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya və Belarusdan olan basketbolçular, məşqçilər, hakimlər və digər rəsmi şəxslərlə bağlı məhdudiyyətləri aradan qaldırıb. Qərar həm basketbol, həm də 3×3 basketbola aiddir.
Bundan sonra Rusiya və Belarusun ayrı-ayrı oyunçuları FIBA yarışlarında iştirak edə, rəsmi şəxslər isə federasiyanın turnirlərinə təyin oluna biləcəklər.
Bununla belə, Rusiya və Belarus milli komandalarının beynəlxalq yarışlara qayıdışı ilə bağlı qərar hələ qəbul edilməyib. FIBA mümkün reinteqrasiya ilə bağlı logistika, təhlükəsizlik və antidopinq məsələlərini Beynəlxalq Olimpiya Komitəsi və digər təşkilatlarla müzakirə edəcək.
Milli komandaların beynəlxalq yarışlara mümkün qayıdışı ilə bağlı yekun qərarın 2026-cı ilin dekabrında FIBA Mərkəzi Şurasının iclasında qəbul edilməsi planlaşdırılır.
