Hələlik "qış yuxusu"na gedən "Kəpəz"də rəhbərlik köklü dəyişikliklərə başlamasa da, komandanı öz istəyi ilə tərk edən futbolçuların adları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Pərvin Paşayevlə qapıçı Habil Hüseynov könüllü olaraq klubdan ayrılıb.
 
Mövsümün ilk yarısında özlərini lazımi səviyyədə göstərə bilməyən oyunçular məşqçilər korpusunun qərarını gözləmədən Gəncə təmsilçisini tərk ediblər. Çünki adları çəkilənlərin onsuz da kollektivdən göndəriləcəyi gözlənilirdi. Hər iki futbolçu klubdaxili son iclasdan sonra "Kəpəz"dən gedib.
 
Qeyd edək ki, Paşayev son üç mövsümdə "Kəpəz"də top qovub. Mövsümün əvvəlində komanda ilə müqaviləsini yeniləyən pleymeykerin qarşılıqlı razılıq əsasında anlaşmasına xitam veriləcək. Pərvinin "Sumqayıt"dan təklif aldığı və baxış üçün yanvarın ilk günlərində "Gənclik şəhəri"nə yollanacağı yayılan xəbərlər arasındadı. Hüseynova gəlincə, qolkiper oktyabrda azad transfer əsasında "Kəpəz"ə keçmişdi.
Shares: