Son vaxtlar maaş artımı tələbinin yerinə yetirilmədiyinə görə, Lionel Messinin “Barselona”dan ayrılacağına dair xəbərlər dolaşırdı. Xüsusilə də PSJ-nin forvardı 250 milyon avroya alıb ona illik 25 milyon da maaş verəcəyi iddia olunurdu. Futbolinfo.az xəbər verir ki, görünür bu xəbərlərdən təşvişə düşən Kataloniya klubu “transfer pəncərəsi”nin açılmasına qısa müddət qalmış işini ehtiyatlı tutmaq istəyib.
Belə ki, rəhbərlik Leo ilə yeni sözləşmə imzalandığını elan edib. Xeyr, müqavilənin müddəti uzadılmayıb. Messi əvvəlki tək 2018-ci ilədək bu kluba məxsus olacaq. Yeni sazişin maddi bəndlərində dəyişiklik edilib. Futbolçunun illik maaşı 20-25 milyon arasında bir rəqəm olacaq ki, bu da rekord deməkdi.
Rəsmi müqavilənin Argentinada istirahətdə olan Messinin qayıtmasından sonra imzalanacağı gözlənilir.
Qeyd edək ki, hazırda dünyanın ən çox maaş alan futbolçusu “Real”ın ulduzu Kriştianu Ronaldodu (20 milyon avro).





