“Nazim Süleymanova bütün zərbələr Böyükağa Hacıyev tərəfdən gələcək”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin keçmiş baş məşqçisi Tərlan Əhmədov bildirib.
Azərbaycanın ən güclü və uğurlu məşqçilərindən olan Böyükağa Hacıyevi hazırkı baş məşqçi Nazim Süleymanov üçün təhlükə sayan Əhmədov müsahibəsində bu mövzuda digər xoş olmayan sözlər də işlədib.
Artıq Böyükağa Hacıyev də Əhmədovun dedikərinə cavabını gecikdirməyib: “Tərlan dindar adamdı, nə istəyirsə, desin. Mən ona cavab vermək istəmirəm. Çünki, mənim cavablarım ona layiq deyil. Bunu hər kəs bilsin ki, Hacıyev heç bir məşqçinin işinə qarışmır və qarışmaz da. Eləcə də mən sevmirəm ki, kimsə mənim işlərimə qarışsın. Əgər mən Tərlanın və ya Nazim müəllimin işinə müdaxilə edirəmsə, Qurani-Kərim mənimlə bilsin. Tərlan gündəmdə qalmaq üçün bu yola əl atıb, hər gün bir sayta müsahibə verərək özünü göstərməyə çalışır. Bu gün mən hansısa məşqçinin işinə yersiz müdaxilə edirəmsə, bu birbaşa Sadıq Sadıqova hörmətsizlikdi”.
Daha sonra Hacıyev Əhmədovu satqınlıqda da günahlandırıb: "Hansı köməkçi məşqçi komandanın baş məşqçisinin söhbətini diktofona yazıb gedib kimlərəsə göstərər?! Mən çalışdım ki, Tərlana yaxşı məşqçi olmaqla bərabər, yaxşı kişi olmağı da öyrədim, amma.. Ona çempionluq sevincinin nə olduğunu mən göstərdim. Mənə qədər məşqçi kimi çempion olmaq nədi, bilmirdi. Biz Avropa Liqasının oyunlarında “Partizan”, “İnter” və “Rubin”lə oyunlara gedəndə, Nazim Süleymanov da bizimlə bərabər gəlirdi. Həmin vaxtlar Tərlanın Nazim müəllimlə arası heç yaxşı deyildi. İndi necə oldu, Nazim komandaya gələn kimi Tərlan üçün şirin oldu?! Mənim heç bir yerli məşqçi ilə şəxsi qərəzliyim yoxdu, əsas hədəfim gəlmə məşqçilərdi. Gəlmə məşqçiləri də ona görə hədəf seçmişəm ki, istəyirəm bizim futbolda yerli mütəxəssislər çalışsın". (sportarena)





