“Bakı”nın icraçı direktoru Yaşar Seyidovun futbolinfo.az saytına müsahibəsi
 
– Komandada vəziyyət nə yerdədi?
– Komanda ayın 7-də bir araya gələcək. İki gün Bakıda təlim-məşq toplanışında olacaq. Daha sonra həkim yoxlanışından keçərək İspaniyanın Marbelo adasına yola düşəcəyik.
 
– Komandadan gedəcək futbolçuların siyahısı hazırdı?
– Kimin gedib-qalacağı ilə bağlı siyahını baş məşqçi klub prezidentinə təqdim edib.
 
– Yəqin ki, siyahıda kimlərin olmasından xəbəriniz var…
– Yox, bundan xəbərim yoxdu.
 
– O zaman Aqil Məmmədovun “Sumqayıt”a keçəcəyindən də məlumatsızsınız…
– Xeyr, ondan da xəbərim yoxdu. Aqil hazırda “Bakı”nın düşərgəsindədi. Onun keçib-keçməyəcəyi ilə bağlı məlumatım yoxdu.
 
– Bir az da Kalonas haqda danışaq. “Bakı”ya lazımlı bir futbolçunun niyə satışa çıxarıldığının səbəbini bilmək istərdik…
– Ümumiyyətlə, bu barədə mətbuata heç bir açıqlama verilməyib. Siz bunları haradan götürmüsüz?
 
– Amma Kalonas saytımıza açıqlama verib və transferə çıxarıldığını təsdiqləyib…
– O, səhv məlumat verib. Onun ixtiyarı yoxdu ki, rəhbərliyin icazəsi olmadan mətbuata açıqlama versin.Əgər belə edibsə, çox səhv edib. Ancaq klubda da bu haqda heç bir məlumat yoxdu.
 
– Litvalı “Bakı”dan gedişinə səbəb kimi Rauf və Əfran birləşməsini göstərib…
– Onun mətbuata danışması düzgün deyil. Yenə deyirəm, bu haqda klubda heç bir məlumat yoxdu.
 
– Kalonas komandada yerli futbolçular tərəfindən sıxışdırılır. Hər halda əcnəbi futbolçu məşqçini və klubdakıları ittiham edirsə, bu, əsassız ola bilməz…
– Yenə deyirəm, Kalonasın dediklərindən mənim məlumatım yoxdu. Onunla söhbət etdikdən sonra bu haqda öz fikrimi bildirə bilərəm. Gəlsin, söhbət edək. Əgər narazılığı varsa, biz onu dinləyib, ədalətli qərar verməyə hazırıq.
 
– Belə çıxır ki, Kalonas yalan danışıb?
– Rəsmi məlumat o zaman olur ki, bu haqda klub rəhbərliyi məlumat verir və bu, klubun sayıtnda yayımlanır. Kalonasın gedib-getməyəcəyi haqda qərarı bir nəfər verir. O da klub prezindeti Hafiz Məmmədovdu. Hafiz müəllim bu haqda qərar vermədiyindən kimin nə deməyinin əsası yoxdu.
 
– Futbolçu getmək istəyərsə, onu məcbur saxlamaq olar?
– Burada heç bir problem yoxdu. Bizdə oyunçuların transferi və statusu haqda hər şey aydın şəkildə göstərilib. Yəni müqavilədə hər şey açıq şəkildə yazılıb. Peşəkar müqavilənin şərtləri nədisə, qaydalara uyğun əməl olunacaq.
 
– Kimlərin gedəcəyindən xəbəriniz yoxdu. Bəs kimlərin gəlməsindən necə, xəbəriniz var?
– Transfer siyasəti ilə klub prezidenti və baş məşqçi məşğuldu. Mənim bu haqda nəsə deməyim düzgün deyil.
 
– Onda bildiyiniz və danışacağınız mövzuya keçək. Təlim-məşq toplanışı haqda ətraflı məlumat verədiniz…
– İspaniyanın Marbelya adasına üz tutacağıq. Orada 4 yoldaşlıq oyunu nəzərdə tutulub. Hələ ki, klublarla danışıqlar aparıldığından bu haqda mətbuata açıqlama vermək olmur. Qarşı tərəf təsdiqlədikdən sonra bu barədə ətraflı məlumat veriləcək.
 
– 4 klubun hamısı İspaniya təmsilçisidi?
– Xeyr, başqa ölkə klubları da var.
 
– Hətta biri də Çin klubudu…
– Çin klubu hələ təsdiq etməyib. Siz onu hardan götürmüsüz, bilmirəm.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: