Bayram əhval-ruhiyyəsi yavaş-yavaş aradan qalxır, ciddi iş rejimi başlayır. Ölkə klubları da ümumi relsdən çıxmır. Artıq təlim-məşq toplanışları başlayır, transferdə ilk addımlar atılır.
Qış çempionu “Qarabağ” deyəsən, ciddi oyunçu dəyişikliyi etməyəcək. Güman ki, Qurban Qurbanov alacağı daha səviyyəli oyunçuların əvəzində daha az güvəndikləri ilə vidalaşacaq. Amma hələ ki, üfüqdə nə yeni transferdən, nə də heyəti tərk edəcək hansısa oyunçudan işartı görünmür.
Əvəzində “Qəbələ” daha da güclənmək yolunda ciddi cəhdlər edir. Yerli bazara diqqət yetirən əyalət klubunun sanballı əcnəbi alacağı da realdı. Hər halda komandanın ətrafında bir çox məşhurun adı hallanır. Yəqin ki, Yuri Syomin ümumi ansamblı korlamayacaq futbolçuları seçəcək.
“Neftçi”də susqunluqdu. Amma halbuki paytaxt klubunun güclənməyə ciddi ehtiyacı var. Heyət hər nə qədər komplektləşdirilmiş görünsə də, xüsusilə müdafiənin mərkəzinə və hücuma oyunçu alınması şərtdi. Gəl ki, başı klub prezidenti Sadıq Sadlqovun müşaviri Böyükağa Hacıyevin ara qarışdıran açıqlamalarını dinləməyə qarışan Nazim Süleymanov gözləmə mövqeyindədi. İcarədə olan futbolçuların geri qaytarılması ilə başı aldadılan baş məşqçi bu gedişlə xaraktersizliyinin qurbanı olacaq.
“İnter” yenə gizli axtarışdadı. Adətən qış fasiləsində çox transfer etməyə imkan olmasa da, bir neçə futbolçuyla yolları ayıran “bankirlər” ən azı boşluqları doldurmaq üçün buna məhkumdu. Hələlik komandanın adı ərtafında bolqar və gürcü futbolçuların adı hallanır. Klub prezidentiylə baş məşqçinin hansı ölkələrdən olduğunu nəzərə alsaq, bu, başadüşüləndi.
“Bakı”da xaosdu. Heyətdə yüksək ödənişli o qədər futbolçu var ki, indi onların nəticə qazana bilməməsi klubda gərginlik yaradıb. Amma Milinko Pantiç hələ də yeni transfer istəyir. Serb çalışdırıcı çox güman ki, arzusuna çatacaq. Bununla belə, heyətdən göndərilənlər də olmalıdı. Hələlik Mindauqas Kalonas hədəf seçilib. Rauf Əliyev və Əfran İsmayılovun gözümçıxdıya saldığı litvalı transferə çıxarılıb, amma yəqin ki, o, sonuncu olmayacaq.
“Simurq”la AZAL ortabab oyunçu transferləri ilə, dəyiş-düyüşlə yadda qalirsa, “Sumqayıt” yenə başqalarının futbolçuları hesabına yaşayır. “Bakı”dan, “Neftçi”dən götürdüklərini geri qaytarmağa məcbur olan komanda eyni üsulla daha ikisini sıralarına qatıb – bu dəfə “İnter”lə “Qəbələ”dən.
Qarşıdakı 5 ay “Xəzər Lənkəran”da yenidənqurma dövrü olacaq. İddialılardan uzaq düşən komanda artıq bu mövsümü qurtarmaq yox, gələn mövsüm güclü olmaq haqda düşünür. İnsafən, yeni baş məşqçi Mustafa Dənizli də işə düzgün taktika ilə başlayıb. O, limiti nəzərə alaraq öncə yerli gənclərin transferi ilə məşğuldu. Yəqin ki, qarşıdakı günlərdə komandanın onurğa sütununu təşkil edəcək əcnəbilərin gəlişinə də şahidlik edəcəyik.
“Rəvan”ı digər 9 komandadan fərqləndirən əsas cəhət baş məşqçi postundakı dəyişiklikdi. Amma bakılıların bu addımı başadüşülən deyil. Çünki paytaxt kubunda dəyişməli olan futbolçu heyəti idi. Şahin Diniyev bəlkə də vaxtşnda istefa verdi, heç kimin belə zəif heyətlə “Rəvan”ı uçurumdan uzaqlaşdırmaq şansı yoxdu. Bir televiziya verilişindəki çıxışına görə dəvət aldığını deyən Güvənc Kurtara isə çox çətin olacaq. Əvvəla, onun güclü komanda yaratmaq üçün istənilən şəraitə malik olmayacaöını düşünürəmŞ əks halda elə Diniyev postunda qalardı; ikincisi də türkiyəlinin özünün Azərbaycana uyğunlaşması üçün azı yarım ilə ehtiyacı olacaq.
MURAD





