Ötən ilin sonlarında AFFA ilə müqaviləsinin müddəti başa çatan Berti Foqts həmin dövrdə Azərbaycana gələrək 2 illik yeni anlaşma imzaladı və yenidən Almaniyaya qayıtdı. Deyilənə görə, almaniyalı yenə gələcək. Həm də daha iddialı şəkildə. Elə gələcək ki, Novruz bayramı ərəfəsində Premyer Liqanı da Novruz tonqalından "hoppandıracaq". Belə ki, alman mütəxəssis mart ayında milli ilə təlim-məşq toplanışına yollanmaq qərarına gəlib. "Hoppanmaqla" arası olmayan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hələ ki, Foqtsun bu istəyi qarşısında susmağa üstünlük verir. Alman məşqçinin bu qərarı bütün klubları, hətta PFL-i belə narazı salıb. Lakin ən yüksək səviyyədə saxlanılmasına qərar verilən Foqtsun istəyinə etiraz etməyə kimsənin cəsarəti çatmır. Maraqlıdı, PFL niyə susur? Niyə səssiz-səmirsiz təqvimin dəyişilməsinə razılıq verir?
Mart ayına təlim-məşq toplanışının salınması PFL-i də çıxılmaz vəziyyətə salıb. Çünki bu müddətdə Premyer Liqanın oyunları təxirə salınacaq. Belə olan halda qurum boşluğu doldurmaq üçün 1 həftədə 2 turun oyunlarını keçirmək məcburiyyətində qala bilər. Bu isə klubların oyunlarına mənfi təsir edəcək, yəni nəticədən asılı olmayaraq komandaların "futbolçular çox yüklənir" söhbətlərini eşidəcəyik.
Azərbaycan Premyer Liqasının ağırlığını daşıyan qurumun Foqtsun bu istəyi qarşısında susması səbəbsiz deyil. Əvvəla ona görə ki, Foqts istəklərini AFFA rəhbərliyinə bildirir. Musayevə tapşırıq isə federasiya tərəfindən gəlir. Bu tapşırığın Rövnəq Abdullayev tərəfindən verildiyini nəzərə olsaq, PFL-in başını aşağı salıb, tapşırıqlara əməl etməsini başa düşmək olar. belə çıxır ki, həm Musayev, həm də onun qurumundakılar Foqtsun istəkləri qarşısında baş əyməlidi. Bu isə qurumun çarəsizliyini göstərir. Məgər hər külək əsəndə təqvimi dəyişmək olar?
Amma bir məsələ də var. Tapşırığın AFFA rəhbərliyi tərəfindən verilməsinə baxmayaraq, almanın onsuz da uğur gətirməyən istəklərinə baş əymək lazım deyil. Necə ki, Foqts martda milliyə dərs keçmək istəyir, eləcə də PFL təqvimin dəyişilməməsinə çalışmalıdı. Burada söhbət tək millinin boş yığıncağından yox, 10 klubun planlarından gedir. Axı PFL məhz həmin klubların mənafeyini güdən bir qurumdu. Lakin belə məqamlarda PFL-in iradəsizliyi sözügedən klubların planlarını alt-üst edir, onları çıxılmaz vəziyyətdə qoyur. Bu səbəbdən alternativ variant tapmaq lazımdı. Variant isə N qədərdi…
Məsələn, Musayev qocanın bu istəyinə sonadək etiraz etsə, həmin toplanışın vaxtını dəyişmək olar. Həmin toplanışı yayda da keçirmək olar. Berti baba onsuz da belə qərarları ilə daim milli çempionatımızda narazılıqlara səbəb olub. Amma ona edilən güzəştlərin, hər sözünə dərhal əməl etməyin məntiqi nəticəsini görməmişik. Maraqlıdı, təqvim dəyişilsə, bu, ya AFFA-nın tələbi kimi qələmə veriləcək, ya da PFL-in iradəsizliyini, zəifliyini sübut edəcək.
Sonda isə maraqlı bir sual ortaya çıxır. Əgər Foqts hər istədiyində PFL-ə qapaz vuraraq təqvimi dəyişəcəksə, onda Musayev və ətrafındakılar nəyə lazımdı? Bəlkə, PFL ləğv edilsin, elə çempionatın keçirilməsi də AFFA-ya həvalə edilsin? Onsuz da Foqts çempionatın təşkilat komitəsində yer almadığı halda, Premyer Liqamıza istədiyi müdaxiləni edə bilir.
RÖVŞƏN ƏHLİMANOĞLU





