1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam komandasının Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı ənənəvi beynəlxalq turnirdə Çexiya yığmasına qarşı keçirdiyi oyun (0:2) haqda fikirlərini bildirib. Futbolinfo.az almaniyalı mütəxəssisin müsahibəsi ilə sizi də tanış edir.
– Çexiya yığmasını təbrik edirəm. Onların yaxşı təşkil edilmiş komandası var. Bu gün qələbənin hər iki tərəfə lazım olduğunu bilirdik. İlk oyundakı taktikanı seçdim. Ancaq planımız baş tutmadı. Səbəb, bizim hücum xəttimizdə hisslərin, partlayışın, orijinallığın yoxluğu idi.
– Komandanızın hücumuna qiymət verdiniz, bəs digər xətlər haqda nə deyə bilərsiz?
– Siz tam haqlı deyilsiz. Komandanı xətlər üzrə, məsələn, hücumdakı fəaliyyətə görə qiymətləndirmək olmaz. Bəli, irəlidə bizə partlayışın çatmadığını dedim, ancaq bizim sürətimiz də çatışmırdı. Oyunun statistikasına baxın: 75%-in 25%-ə nisbətdə rəqibin topla oynama üstünlüyü var. Əsas səbəb sürətin və qərar vermə sürətinin olmaması idi.
– Əvəzetmələrin birində siz kapitanı meydandan aldınız. Demək, siz hələ də komandanın liderini müəyyən etməmisiz?
– Bu əvəzetmədə xüsusi problem görmürəm. Oyunçu yorulmuşdu və onu əvəzlədim. Ancaq o, doğrudan da komandamızın lideridi. Mirkamil Həşimli hazırda Türkiyənin “Fənərbaxça” klubunda çıxış edir. Komandamızda onun böyük nüfuzu var.
– Siz alman futbol məktəbinin təmsilçisisiz və Azərbaycan yığmasını çalışdırırsız. Mentalitetlərdə fərq sizin üçün problem yaratmır ki?
– Qətiyyən yox! Mənim problemim yoxdu. Yerli federasiyanın böyük inkişaf istəyi və imkanı var. Biz almanlar bura Azərbaycan futbolunu qaldırmağa yox, onun inkişafına kömək etməyə gəlmişik.





