“Rəvan”ın yarımmüdafiəçisi Kristian Torresin futbolinfo.az saytına müsahibəsi
– İlk dövrəni komandanız üçün necə dəyərləndirirsiz?
– Əlbəttə, yaxşı çıxış etmədik. Uğurlarımız həddən artıq az idi. Nəticələrimizə baxanda pis oluruq. Axı biz daha yaxşısına layiq idik. Öz üzərimizdə daha çox işləməyimiz vacibdi. Qarşıda çoxlu oyun var. Bu ay təlim-məşq toplanışımız olacaq. Biz bu toplanışdan maksimum yararlanıb özümüzü inkişaf etdirməliyik. Çempionatın ikinci yarısında vəziyyətimizi düzəltmək məcburiyyətindəyik.
– Şahin Diniyev komandanı tərk etdi. Sizcə, onun gedişi lazım idi?
– Diniyevi çox xoşlayırdım. O, həm məşqçi, həm də insan kimi çox yaxşı biridi. Komandamız oyunlarda heç bir əzmkarlıq göstərmədiyi bir vaxtda o, komandaya güc gətirdi. “Rəvan”da ağlasığmaz dəyişiklilklər etdi. Mən zədəmə görə komandama çox kömək edə bilmədim. Bu, mənə pis təsir edirdi. Çempionatın ilk yarısında komanda çox çalışdı, amma alınmırdı. "Rəvan"ın qış fasiləsindən sonra nəyə nail olacağını deyə bilmərəm. Hazırda yeni məşqçini gözləyirik. Onunla işləməliyik. Bakıya gələcəm və görüşəcəyik. O zaman nə olacağına görəcəyik.
– Yeni baş məşqçiniz haqda nəsə bilirsiz?
– Onun haqqında çox az bilirəm. İnternetdə bir az maraqlanmışam. Bir neçə gün sonra Bakıya gələcəm və onunla görüşəcəyimizə ümid edirəm.
– “Rəvan” həddən çox baş məşqçi dəyişir. Bəlkə məğlubiyyətlərin səbəbi elə budu?
– Bu barədə mən nəsə deyə bilmərəm. Hər şey rəhbərliyin əlindədi və dəyişiklikləri onlar edir. Mənim işim yaxşı hazırlaşmaq, zədəmi tamamilə sağaltmaq və komandam üçün əlimdən gələni etməkdi.
– Komandanız çempionatın ikinci yarısında yaxşı çıxış edə biləcək?
– Bunu qarşıdakı oyunlarımız göstərəcək. İndi üzərimizdə həqiqətən çox işləməliyik. Axı çox pis çıxışla yadda qalırıq. Biz birlikdə “Rəvan”ı bu vəziyyətdən çıxarmalıyıq. Ümid edirəm ki, yəni məşqçi ilə istədiyimizi edə biləcəyik. Bizə ancaq yaxşı nəticə lazımdı. Əgər çempionatın ikinci yarısını da belə keçirsək, o zaman bu, bizim üçün biabırçılıq olacaq.
– “Rəvan”ın ən böyük problemi hücumdadı. Komanda qol vura bilmir. Siz necə düşünürsüz, yeni futbolçulara ehtiyac varmı?
– Məncə, yeni baş məşqçimiz artıq bu problemləri bilir və onları aradan qaldıracaq. Premyer Liqanın son iki dövrəsində tam fərqli “Rəvan” görəcəyimizə ümid edirəm.
ELSEVƏR





