“Neftçi”nin baş məşqçisi Nazim Süleymanovun istefa verməsi sən demə, klub rəhbərliyini də şoka salıb. Bunu futbolinfo.az saytına açıqlamasında klubun vitse-prezidenti Tahir Süleymanov bildirib.
Klubun rəsmi açıqlamasından sonra kimsə mətbuata başverənləri izah etməliydi. Paytaxt klubunda isə bu missiyanı Tahir bəy üzərinə götürdü: “Nazim müəllimin qərarından şoka düşmüşük. Çünki bizim üçün gözlənilməz qərardı. Süleymanovun müsahibəsində verdiyi açıqlamalara, səsləndirdiyi fikirlərə hörmətlə yanaşırıq. Amma bizim onunla yollarımızı ayırmaq fikrimiz olsaydı, bunu elə AZAL-a məğlubiyyətdən sonra edərdik. “Neftçi” klubu olaraq Süleymanovla əməkdaşlığın davamında maraqlıydıq. Ancaq o, qərarında israrlı oldu və yollarımız ayrıldı”.
Tahir bəy Nazim müəllimin səsləndirdiyi fikirlərə də münasibət bildirib. Məşqçinin transferlər edilməməsi və məşqçi korpusunun özü istədiyi kimi formalaşdırılmaması haqda dediklərinə vitse-prezident belə aydınlıq gətirdi: “Bizim ən böyük transferimiz elə Azərbaycan futbolunda sözünü demiş Nazim Süleymanov idi. Hələ iki ay öncədən açıqlamışdıq ki, yeni transferlər olmayacaq, əsasən digər klublarda icarədə olan gəncləri düşərgəmizə cəlb etməklə kifayətlənəcəyik. Bu, klubun strategiyasıdı, son illərdəki uğurlarımızın kökündə də bu amil dayanır. Ona görə də ciddi transferə ehtiyacımız yoxdu. Digər klubların həsəd aparacağı yerli gənclərə sahibik və artıq onların oynamaq vaxtıdı. Məşqçi korpusuna gəlincə, Nazim bəy özü ilə Səmədağa Şıxlarovu gətirmişdi. Qapıçılarla işləyən məşqçimiz, eləcə də fiziki hazırlıq üzrə çalışdırıcımız artıq neçə illərdi bizdə uğurla fəaliyyət göstərir. Ona görə də bu şəxslərdən imtina etmək doğru olmazdı. Nazim müəllimin fikirlərinə hörmət edir və onun ayrılıq qərarına üzülürük. Klub olaraq məlum strukturumuz var və son 4 ildə bu sistem bizə fayda verib. Bu səbəbdən hansısa ciddi dəyişikliyə lüzum görmədik”.
FƏRİD





