Goal portalının apardığı araşdırma Kriştianu Ronaldo üçün heç də ürəkaçan xəbər olmayacaq. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı “Qızıl Top”u qazansa belə, bundan pul qazana bilməyəcək.
Mükafatın sahibinin açıqlanmasına 4 gün qalmış Ronaldoya dünyanın ən nüfuzlu fərdi mükafatından pis xəbər gəlib.
Belə ki, Adidas və FİFA arasındakı razılaşmaya əsasən, portuqaliyalı “Qızıl Top”u reklamlarında və məhsullarında istifadə edə bilməyəcək.
FİFA məhsullarının hamısını himayəsi altında saxlayan Adidas Ronaldonun rəqib firma “Nike”la əməkdaşlıq etdiyi üçün bu qərara gəlib. Elə “Nike”ın sponsorluğunu etdiyi Frank Riberi də mükafatı qazanarsa, bundan reklam məqsədi ilə istifadə edə bilməyəcək. Qısası Ronaldo mükafatı qazansa, yalnız onun prestijindən faydalana biləcək.
Lakin Messi Adidasla əməkdaşlıq etdiyindən mükafatı qazanarsa, “Qızıl Top”dan kommersiya məqsədiylə istifadə etməsinə qadağa qoyulmayacaq. Məsələn, ötən il Lionel mükafatı qazandıqdan sonra Adidas bu adda bir buts hazırlayıb bazara çıxarmış və böyük qazanc əldə etmişdi.
Qeyd edək ki, Adidas və FİFA 1970-ci ildən əməkdaşlıq edir və onların arasındakı müqavilə 2030-cu ilədək davam edəcək.





