Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində Şüvəlanda baş tutan qalmaqallı AZAL – "Neftçi" (2:1) oyunundan sonra mətbuat konfransında qonaqların sabiq baş məşqçisi Nazim Süleymanova belə bir sual ünvanlamışdım: “Nazim müəllim, düşünmürsüz ki, bu matçda məğlub olduğunuz üçün "Neftçi" rəhbərliyi sizi istefaya göndərə bilər”. O isə suala sualla cavab verərək "Sən mənim "Neftçi"dən getməyimi istəyirsən?” demişdi.
Əslində, Nazim müəllim çox yaxşı bilirdi ki, onun komandadan getməsində kimlər maraqlı idi. Ola bilsin ki, məğlubiyyətin üzüntüsündən sualıma cavab yox, sual vermişdi. Çox keçmədi ki, Nazim müəllim istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim etdi. Onun bu istefası da ssenari şəkilində qəbul olundu.
Düzdü, komandanın vitse-prezidenti Tahir Süleymanov baş məşqçinin istefa verməsinin özləri üçün şok olduğunu bildirdi. Həmçinin də bu, onun istefasında böyük rol oynayan klub prezidenti Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyev üçün də nədənsə təəccüblü oldu. “Skanderbeu” biabırçılığından sonra baş məşqçi postundan gedən Hacıyev Süleymanovun istefa verməsinə belə münasibət bildirdi: "Nə? De sən öl Nazim Süleymanov istefa verib?"
Azərbaycan futbolunun içində olanlar Hacıyevin bu təəccübünü heç də səmimi qarşılamadılar. Çünki hər kəsə məlumdu ki, Tərlan Əhmədov kimi, Nazim Süleymanovun da "torba"sı Hacıyev tərəfindən tikilib.
Bir neçə gün keçməsinə baxmayaraq, "Neftçi" Nazim Süleymanovun boş qalmış postuna gətirilməsi gözlənilən Hacıyevi ictimaiyyətə təqdim etməkdə tələsmir. Gözləyirlər ki, ictimai qınaq səngisin. Bunun üçün də "torba" ssenarisinin bir səhnəsi olan iclas keçirilir. Həmin iclasda yeni baş məşqçinin kimliyini müəyyənləşdirməlidilər. Maraqlıdı, Hacıyev həmin iclasda baş məşqçi, yoxsa müşavir kimi iştirak edəcək?
Süleymanov istefa verdikdən sonra qeyd etdi ki, klub prezidentinə ərizəsini özü təqdim edib. Belə deməyə də borclu idi. Çünki öz imicini hər şeydən üstün tutaraq susmağı vacib bildi. Axı, Hacıyevdən fərqli olaraq Süleymanov "Neftçi"yə illərini həsr etmişdi. Onsuz da Nazim müəllim bilirdi ki, ictimaiyyətdə heç kəs onu qınamayacaq. Çünki "Neftçi"də "torba" tikənlərin olması hər kəsə bəllidi. Hətta bunu 2001-2004-cü illərdə "Neftçi"nin baş məşqçisi işləmiş Kazbek Tuayev də qeyd etmişdi. Bildirmişdi ki, "Neftçi"də mafiya var.
Hacıyev hər şeyi təəccüblə qarşıladığı kimi Publika.az-ın əməkdaşının ona ünvanladığı suala da guya məəttəl qalmışdı: "Nə mafiyası? Kazbek Tuayev kiminsə, nəyinsə xatirinə danışmasın. Mafiya kimdi? Flavinyo? Aydan arı, sudan durudu. Ramos? Bertuççi? O komandada heç bir mafiyadan söz gedə bilməz. Yox bir, Siciliya mafiyasını gətirmişik Azərbaycana – “Neftçi”nin içinə”.
Ancaq çox keçmədi ki, Hacıyevin inkar etdiyi mafiyanın gerçək olduğu bəlli oldu. Dünən saytımıza açıqlama verən komandanın braziliyalisi Flavinyo futbolçuya yaraşmayan ifadələr işlətdi: "Neftçi" doğru addım atıb. Nazim Süleymanovla heç nə alınmırdı. Komandamız onunla heç də uğurlu nəticələr qazanmadı. Buna görə Süleymanovun göndərilməsinin komandanın xeyrinə olacağını düşünürəm".
Görəsən, Flavinyo nə yatdı ki, nə də yuxu görə? Yoxsa yuxusunda baş məşqçi postunda Hacıyevi gördü? Digər futbolçulara baş məşqçi istefası ilə bağlı sual ünvanlayanda "bunu rəhbərlik daha yaxşı bilər, mən futbolçuyam, işim futbol oynamaqdı" deyərək etika xətrinə sualdan yayınırlar. Ancaq brazilyalı yarımmüdafiəçi elə bu sualı gözləyirmiş kimi ürəyində olanları danışdı. Əslində bu açıqlama ilə brazilyalı öz sözünü yox, "Neftçi"nin demək istədiyi, ancaq deyə bilmədiyi sözü söyləmiş oldu. Flavinyonun sevimli məşqçisi olan Hacıyev futbolçusu haqda bildirmişdi ki, onu Kurban Berdıyev istəyirdi, ancaq bizə lazım olduğu üçün icazə vermədik. Maraqlısı da bundan ibarətdi ki, güclü futbolçular Julius Vobay, Nikolas Kanales göndərilildiyi halda, xüsusilə sonuncunun kölgəsində itən Flavinyo saxlanıldı. Görünür, o, “Neftçi”yə Hacıyev üçün lazımdı.
EMİN SƏFƏROV





