İspaniyanın "Atletiko" (Madrid) klubunun əsas qol silahı Dieqo Kosta La Liqada "Barselona" ilə qarşılaşacaqları matçla bağlı fikir səsləndirib. Futbolinfo.az xəbər verir ki, Braziliya əsilli qolçu rəqibdə ən çox çəkindiyi futbolçunun Lionel Messi olduğunu bildirib:
“Əlbəttə çətin oyun olacaq. Meydanda dünyanın ən yaxşı futbolçuları mübarizə aparacaq. "Barselona" səfərdə oynadığı üçün onlara daha çətin olacaq. Ancaq Kataloniya klubu ilə görüşdə xal itirmək dünyanın sonu deyil. Çünki qarşıda çox matç var. Azarkeşlərimiz qarşısında qalib gələrək liderliyə yüksəlsək, fantastik olar. Artıq Messi də sağalıb və "Barselona" indi daha da güclüdü. Onu zərərsizləşdirməyə çalışacağıq. Messi Messidi. Zədəli olan vaxtı bütün futbolçular onun üçün darıxdı. Bizə qarşı oynaya bilməsi çox yaxşı oldu. "Atletiko"da Messini zərərsizləşdirə biləcək çox oyunçu var".
Qeyd edək ki, "Atletiko" və "Barselona" La Liqanın şərikli liderləridi.





