Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü, "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanovun karyerasını başa vurmağa hazırlaşdığını xəbər vermişdik. Uzun müddət yığmamızın şərəfini qorumuş ukraynalı milliləşən futbolçu futbolinfo.az saytına açıqlamasında karyerasını başa vurması ilə bağlı xəbəri təsdiq edib.
Ötən ildən "Sumqayıt"da forma geyən Çertoqanov qış toplanışına başlayan komandasının heyətinə qatılmayıb. Futbolçunun Türkiyə klubuna keçəcəyi gözlənilsə də, bu alınmadı.
Çertoqanov saytımıza açıqlamasında bu məqamların hamısına belə aydınlıq gətirib: "Yaşımın çox olması Türkiyə klubuna keçidimə problem yaratdı. İstəmədilər. Hazırda Ukraynadayam, istirahət edirəm. Karyeramı başa vursam da, Azərabycana 2 aydan bir gələcəm. Orada çoxlu dostlarım var və ən azından onları görməyə mütləq gəlməliyəm".
Xatırladaq ki, Çertoqanov 1980-ci ildə anadan olub. Onun ilk peşəkar klubu Ukrayna "Nikolayev"i olub ki, burada 2000-03-cü illər aralığında 85 oyuna 10 qol vurub. 2003-cü ildə o, "Spartak İvano-Frankivsk" komandasına keçib və burada bir mövsümdə cəmi 14 oyuna çıxıb. 2004-cü ildə isə onun Azərbaycan karyerası start götürüb. Yığmamızın sabiq üzvünə maraq göstərən ilk klubumuz "Bakı" olub. 2004-05 mövsümündə 24 oyunda 2 qolla yadda qalan yarımmüdafiəçi elə həmin mövsümün sonunda "Neftçi"yə transfer olunub. klmillinin heyətində 54 oyun keçirib. 2008-ci ilədək "ağ-qaralar"ın şərəfini qoruyan Çertoqanov burada 72 matçda forma geyib. 2008-09 mövsümündə "Simurq"a icarəyə verilən millimizin üzvü cəmi 9 qarşılaşmada meydana çıxıb. 2009-11-ci illər aralığında "İnter"də 55 qarşılaşmaya çıxan Saşa daha iki mövsüm "Qəbələ"də oynadı – 49 oyun. Onun son klubu isə "Sumqayıt" olub.
Çertoqanov yığmamızın heyətində 54 qarşılaşmada forma geyib.
KƏMALƏ İSMAYILOVA





