"Qarabağ" qış fasiləsindən istifadə edərək hazırlıqlarını Antalyada davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandanın hazırlıqlarında türkiyəli qapıçı Halit Oğuzhan Çikırtı da yaxından iştirak edir.
 
Ad sizlər üçün yeni olsa da, əslində bu qapıçı "Qarabağ"da yeni sima deyil. Belə ki, ağdamlılar bu qapıçını hələ yay fasiləsi zamanı düşərgəsinə dəvət edib. Ankarada təlim-məşq toplanışı keçən zaman sözügedən qapıçı komandaya baxışa çağırılıb və bəyənilib. Hətta qapıçı ilə müqavilə də imzalanıb. Ona 86 nömrəli forma verilib. Buna baxmayaraq "Qarabağ" rəhbərliyi bu transferi 7 aydı ictimaiyyətdən gizli saxlayır. Düzdü, Miro Varvodiçin "Qarabağ"dan göndərildiyi zaman komandanın qapıçılarla işləyən məşqçisi Elxan Həsənov saytımıza verdiyi açıqlamada əlavə qapıçı transfer etməyəcəklərini bildirimişdi. Ancaq çempionluq uğrunda mübarizə aparan komandanın 2 qapıçı ilə mübarizə aparacağı heç də inandırıcı görünmürdü. Məhz araşdırmalarımız nəticəsində üzə çıxan bu qapıçının düşərgədə olması müəyyənləşəndən sonra aydın olur ki, Həsənov o vaxt niyə belə bir açıqlama vermişdi. Elə Varvodiçin komandadan uzaqlaşdırılmasının səbəblərindən də biri məhz türk qapıçının gətirilməsiylə bağlı olduğunu demək olar.
 
Təbii ki, "Qarabağ"ın qapıçılarla bağlı aparıdığı transfer siyasəti öz işidi və buna qarışmağa haqqımız yoxdu. Amma Ağdam klubunun 7 aydı transfer etdiyi bir qapıçını bütün futbol ictimaiyyətindən, mətbuatdan, azarkeşlərindən gizli saxlamasının nəyə xidmət etdiyi çox təəccüblü və qəribədi.
 
Qeyd edək ki, 1994-cü il təvvəllüdlü Halit Oğuzhan Türkiyənin "Mersin İdmanyurdu" komandasının yetirməsidi. Məlumat üçün bildirək ki, ağdamlıların digər qapıçısı İbrahim Şehiç də eyni klubdan transfer olunmuşdu.
 
EMİN SƏFƏROV
Shares: