Futbol ingilis sözü olub, "foot" – ayaq, "ball" isə top deməkdi. Bir sözlə, ayaqla oynanılan idman növü. Düzdü, qapıçılar cərimə meydançasının içərisində əllə oynaya bilər və bu, istisnadı.
 
Ancaq futbolun yazılmayan qanunları da var. O qanunlar ki, Azərbaycan reallığında onu çeynəyib, tapdalamaq heç nədi. O qədər qayda pozuntusu var ki…
 
Bunlardan biri də uzunömürlü olmayan futbolçu karyerasında "həmişəcavan" qalmaqdı. Bir sözlə, "lipalaşdırma prosesi".
 
Təəssüf ki, Azərbaycan futbolunda yetərincə doğum günün saxtalaşdıran futbolçular var. Bəlkə də futbolumuz şou-biznesə dönüb, xəbərimiz yoxdu. Şou-biznes məsələsini heç də təsadüfi demədim. Televiziya verlişlərində qadın müğənnilərə yaşının neçə olması ilə bağlı sual ünvanlananda gizli saxlamağı üstün tuturlar. Bunu da hardasa başa düşmək olar. Çünki qadınlar yaşlanmaqlarını özlərinə çox dərd edirlər. Ancaq kişilər də şou-biznes aləmində qadınlardan geridə qalmır. Qaşını alan kim, dodağını silikon etdirən kim… Pasportunu dəyişdirən, əsl yazını gizlədənlər də az deyil… Elə futbolumuzda olduğu kimi…
 
Hansı futbolçuların "lipa" olması sizə bəllidi, zaman-zaman bu barədə mətbuatda çox yazılıb. Hətta AFFA-nın bayrağı altında keçirilən yarışlarda da "həmişəcavanlar" üzə çıxıb. Belə "cavanlaşma"ya futbolumuzda son illərində daha çox rast gəlinir.
 
Misal üçün Ruslan Tağızadə, hələ ötən il mətbuatda onun lipa olması ilə bağlı yazılar dərc olunurdu. İndi isə onunla bağlı yeni faktlar üzə çıxıb.
 
Tağızadə "Neftçi"nin yetirməsidi. 13-14 yaşlarında hətta flaqmanın 17 yaşlılardan ibarət komandasında da çıxış etməyə imkan tapıb. Görəsən, Tağızadə o qədər istedadlı futbolçudu ki,13-14 yaşlarında özündən 3-4 yaşlı böyüklərlə oynama imkanı qazanıb? Belə olsaydı, "Neftçi" onu göz bəbəyi kimi qoruyub, 17 yaşında milli çempionatda oynadardı. Əks halda futbolçu autsayder klublara üz tutmazdı.
 
Hətta o vaxt mətbuat onun “facebook” səhifəsində doğum tarixini fərqli 09.12.1991 kimi göstərmişdi. Daha sonra Tağızadə əsəbləşərək doğum tarixində 1991-ci ili 1905 ilə əvəz etmişdi.
 
Ruslanın “Qəbələ”dəki komanda yoldaşı Ürfan Abbasov da öz yaşını kiçildib. Düzdü, rəsmi qeydiyyatda Abbasovun təvəlllüdü 14.10.1992-ci il kimi göstərilir. Ancaq futbolçunun rəsmi “facebook” səhifəsində doğum günü və ayı eyni olsa da, il 1990 kimi göstərilib.
 
Qeyd edək ki, bu, "Qəbələ"nin futbolçularının yaşlarının azadılması ilə bağlı ilk hadisə deyil. Belə ki, bir müddət öncə U-17 liqası çərçivəsində  "İnter"ə qarşı oyunda komandanın üzvü Coşqun Süleymanovun sənədlərinin saxta olması aşkar edilmişdi. Bu səbəbdən də "Qəbələ"yə 0:3 hesablı texniki məğlubiyyət verilmişdi. Hələ “qırmızı-qaralar”da Rail Məikov var ki, vaxtilə ad-soyadı Ramil Ağayev olub. O vaxt ad-soyadını dəyişən oyunçu yaşına da əməlli-başlı əl gəzdirmişdi. Lap Aleksandr Məmmədovdan Saşa Yunisoğluya çevrilərkən “cavanlaşan” yığmamızın sabiq müdafiəçisi kimi…
 
EMİN SƏFƏROV
Shares: