2013-cü il noyabrın 19-da milli komandamız Bişkekdə Qırğızıstanla yoldaşlıq oyununda üz-üzə gəlmişdi. Alınan 0:0 hesablı nəticədən sonra qırğızlar sevinsələr də, biz bunu faciə saymışdıq. Bizimlə heç-heçəni özləri üçün bayram kimi qeyd edən komanda üzərində millimizin qələbə qazana bilməməsi ilə yanaşı, belə bərbad meydanda yoldaşlıq görüşünü təşkil edənlər də çox tənqid olunmuşdu. Hətta futbolçuların əksəriyyəti də Qırğızıstan ilə oyunu “lazımsız” adlandırırdılar.
Düzü, yoldaşlıq görüşləri üçün rəqibləri millimizin baş məşqçi Berti Foqtsun seçməsi inandırıcı görünmür. Bəlkə də Foqts Qırğızıstanın hansı qitədə yerləşdiyindən belə xəbərsiz idi. Məsələ o yerə çatmışdı ki, matçı yayımlamaq üçün oradan siqnal da almaq olmurdu. Düzdü, sonradan hansısa binanın başına quraşdırılan təhlükəsizlik kamerası ilə qeydə alınan oyunun videoyazısına baxdıq. Gördük ki, həqiqətən də millimizin gələcəyi təhlükə altındandı. Bundan sonra AFFA rəhbərliyinin bu cür kobud səhvlərə yol verməyəcəyini düşünsək də, belə olmadı. Görünür, bizim səhv kimi gördüklərimiz onlar üçün hobbidi.
Dünən PFL-in rəsmi saytı məlumat yaydı ki, Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Buna səbəb isə milli komandamızın təlim-məşq toplanışı və bu ərəfədə keçirəcəyi yoldaşlıq görüşüdü. Məlum oldu ki, Foqtsun yetirmələri martın 5-də Filippin yığması ilə qarşılaşacaq. AFFA-nın bu cür əndrabadi rəqibləri haradan seçib, üzə çıxardığı həqiqətən də çox maraqlı və gülməldi. Gülməlidi ki, Filippin çempionatında bir komanda 3 gün ərzində ardıcıl olaraq 3 oyuna çıxır və rəqib qapılarına 32 (!) qol vurur. Maraqlıdı ki, digər bir komanda həftə ərzində oynadığı 3 matçda 34 dəfə fərqlənib. Bu, bilirsiz nə deməkdi? Hazırda Topaz Premyer Liqasının lideri olan "Qarabağ" 18 tur ərzində heç bu qədər qol vurmayıb. Bu, o demək deyil ki, həmin komandalar güclüdü. Bu göstəricilər Filippin çempionatının Marian çökəkliyindən də aşağı olmasının nəticəsidi.
İnanın ki, dost-tanışla yığışıb, suni ötüklü meydanda saatlarla fubol oynasaq, heç bu cür gülməli hesablar qeydə alınmaz. Hətta "Play station"da da 3 oyuna bu qədər fərqlənmək qeyri-mümkündü. Ancaq nə etmək olar? Bu, AFFA-dı, qeyri-mümkünləri mümkün etməyi bacaran qurumdu.
Filippin yığma komanasının ləqəbi “küçə itləri"di. Zarafat deyil e, 92 milyon əhalisi olan bir ölkənin yığma komandası axırıncı dəfə 1967-ci ildə güclü komandaya qarşı oynayıb. Yaponiyaya qarşı keçirilən oyunda "küçə itləri" 15 dəfə topu öz qapılarından çıxarmağa məcbur olublar. Gördüyünüz kimi, AFFA "küçə itləri" ilə oyun və ya reytinq xalları naminə yoldaşlıq matçı təşkil etdiyinə görə milli çempionatımızın təqvimində aləmi bir-birinə vurub.
Hər zaman PFL rəhbəriliyi azarkeşlərin azlığından şikayətlənir. Müsəlman ölkəsi olmasına baxmayaraq, bir çox insanın cümə günləri işdən çıxıb məscidə gedib namaz qılmağa imkanı olmursa, 3-cü və 5-ci günləri futbola necə gəlib baxsın? Milli komandamıza canımız qurban, ancaq ta Filippinə görə yox da. Axı bu toplanış, bu oyun bizə nə verəcək? Bəlkə də AFFA-nın baş katibi Elxan Məmmədova Foqtsla müqavilənin müddətinin uzadılmasını əsaslandırmaq üçün saxta qələbədən başqa heç nə…
EMİN SƏFƏROV
P.S. Belə getsə, bir də görəcəksiz ki, millimiz Molossia ölkəsi ilə yoldaşlıq görüşü keçirir. Baxmayaraq ki, həmin ölkənin cəmi 6 sakini var. Bunlar ölkəni yaradan Kevin Baugh, onun iki oğlu və 3 itidi. Maraqlansalar, bildirək ki, bu respublika Amerikanın Nevada ştatında yerləşir.





