"Mourinyo ilə futbol barəsində heç vaxt danışmaram. Futbol oynamamış birinin bəzi şeyləri anlamasını gözləmək ağılsızlıq olar" – bu sözləri keçən il serbiyalı baş məşqçi Sinisa Mihayloviç Joze Mourinyo haqqında demişdi. Portuqal mütəxəssisin cavabı isə belə olmuşdu: "Çapar olmaq üçün əvvəlcə at olmaqmı lazımdı?".
 
Tərəflər hər iksi futbol mütəxəssisi olsa da, bir fərqləri var idi. Mihayloviç kuboklarla dolu olan böyük futbolçu karyerasına malik idi. Joze isə futbolçu kimi heç bir peşəkar klubun heyətində olmamışdı. Buna baxmayaraq dünya arenalarında nəhənglərə meydan oxuyan məşqçi idi.
 
Bu təcrübə müasir futbolda günü-gündən artmaqdadı. Söhbət futbolçu olmadan məşqçi olan simalardan gedir. Aşağıda təqdim edəcəyimiz şəxslər həyatında bir dəfə belə peşəkar futbolçu müqaviləsi olmayan, ancaq qazandığı kuboklar və çalışdırdığı komandalarla adından söz etdirən məşqçilərdi. Düzdü, yaxşı çalışdırıcı olmaq üçün əvvəlcə futbolçu olmaq təcrübə baxımından çox önəmlidi. Amma istisnalar hər zaman mövcuddu. Elə bu gün dünyanı özünə heyran qoyan Joze Mourinyo kimi.
 
O, sadəcə idman təhsili üzrə diplom alıb. Şotlandiyaya gedərək UEFA məşqçilik kurslarına qatılıb və mməşqçi kimi özünü yoxlamağa qərar verib. Portuqaliya, İtaliya, İngiltərə və İspaniyada ümumilikdə 6 komanda çalışdırmış Mou bugünə kimi 20 kubok qazanıb. Onların arasında İngiltərə federasiya kubokundan tutmuş Çempionlar Liqası çempionluğunadək bir çox titul var. 12 ildi məşqçi kimi fəliyyət göstərən Joze fərdi mükafatları ilə də dünya reytinqlərinin ön sıralarında gəlir. O, dəfələrlə UEFA və bir çox rəsmi qurumların rəyinə əsasən ilin məşqçisi seçilib. 2010-cu ildə isə FİFA Mourinyonu planetin ən yaxşı mütəxəssisi kimi təltif edib.
 
Rafael Benites
O, ixtisasca bədən tərbiyəsi müəllimidi. Bəlkə də 1979-cu ildə Meksidada keçirilən universitetlərarası dünya çempionatında dizindən zədə alamasaydı Benites bu gün futbolçu-məşqçilərdən olacaqdı. Lakin həmin vaxt ciddi zədələnmə Rafaelin üçüncü liqadan o tərəfə getməsinə imkan verməyib. Lakin futbol eşqi sönməyən Rafael məşqçi olmaq qərarına gəlib və "Real"ın baza komandalarından birini çalışdırmağa başlayıb. "Tenerife"ni "Sequnda"dan "La-Liqa"ya daşıması isə "Valensiya"nın diqqətini çəkib. Bundan sonra qazandığı uğurlar ona Avropa meydanlarında xüsusi çəki qazandırıb. "Yarasalar"la UEFA kuboku və La-Liqada çempionluq yaşayan ispaniyalı uğurlarını ölkə xaricində də davam etdirib. 2005-ci ildə "Liverpul"a qazandırdığı ÇL çempionluğu isə onun ən böyük nailiyyətidi. 2010-cu ildən bəri işsiz olane Benites yaxın günlərdə "Çelsi"yə qısa müddətdə Avroliqa çempionluğu yaşatdı. Cari mövsümün əvvəlindən isə “Napoli” ilə müqavilə bağlayıb.
 
Arriqo Sakki
Gəncliyi həvəskar klublarda futbol oynamaqla keçib. Sakki çox çalışsa da, onu heç bir peşəkar klub bəyənib komandasına götürməyib. Buna görə futbolçu olaraq qazana bilmədiklərini məşqçi kimi qazanmağı məqsəd seçib. "Milan"ın qızıl çağında Sakkinin imzası var. Yəqin ki, bir komandaya 3 il ərzində 8 kubok qazandırmaq hər məşqçiyə nəsib olmur. Xüsusilə də futbolçu olmamış məşqçilərə. A Seriyası və ÇL çempionluqlarından sonra İtaliya Futbol Federasiyası Arriqonu yığmanın başına gətirdi. DÇ-1994-də komandanı finala daşıyan Sakki ardınca yenidən "Milan", Atletiko", "Parma"nı çalışdırıb. Son olaraq 2005-ci ldə "Real"da idman direktoru olub. İtaliyalı o vaxtdan bəri işsizdi.
 
Qriqorio Manzano
Onun əsl peşəsi psixoloqdu. Klublarda futbolçulara psixologiya dərsləri keçən is¬paniyalı bu əsnada məşqçi olmağa qərar verib. 27 yaşında məşqçiliyə başlayan Manzano 16 il güclülər dəstəsində çalışmağa layiq görülməyib. İlk dəfə "Valyadolid" ona etibar edib və beləliklə Qriqrio La-Liqaya ayaq açıb. Bundan sonra o, "Malyorka", "Atletiko", "Malaqa", "Sevilya" və s. kimi klublarda baş məşqçi olub. Ən yaddaqalan uğurları 2002-ci ildə "Malyorka" ilə kral kubokunu qazanmaq və 2008-ci ildə İspaniyada ilin məşqçisi seçilmək olub.
 
Avram Qrant
56 yaşlı mütəxəssis İsrailin ən məşhur məşqçisidi. Ömür boyu futbol oynamayıb. İsrail millisinin çalışdırdıqdan (2002-06) sonra Avropada da ad-san qazanıb. Mourinyonun istefasından sonra müvəqqəti olaraq "Çelsi"nin başına gətirilib. Komandanı ÇL-in finalına daşıması isə onu qitədə əməlli-başlı məşhurlaşdırıb. Premyer Liqada "Portsmut" və "Vest Hem" kimi klublarda çalışan Avram son olaraq "Partizan"da işləyib və Belqrad klubunu çempion edib.
 
Lorenzo Serra Ferrer
Futbola olan sevgisi onu baş məşqçiliyə gətirib. Onun məşqçi olma yolu isə tamam fərqlidi. Gənclik illərində "Barselona"nın məşqlərinə mütəmadi izləyici kimi gələn Lorenzo beləcə rəhbərliklə əlaqə qurur. Daha sonra İspaniyada məşqçilik kurslarına yazılır və sertifikat əldə edir. 2005-ci ildə "Betis"ə İspaniya kubokunu qazandırmış mütəxəssis bir ara "Barselona"nın da baş məşqçisi olub. Serra bu vəzifədən ayrılanda uşaqlıq arzusuna qovuşduğunu bildirib.
 
Bob Bredli
ABŞ-ın ən məşhur futbol mütəxəssislərindən olan Bredli kollec komandasından başqa heç yerdə top qovmayıb. Amma bu sahəyə olan həvəsi onu nəhəng ölkənin baş məşqçiliyinə qədər yüksəldib. Əvvəlcə universitet komandasında asisent kimi fəaliyyətə başlayan Bredli daha sonra burada məşqçi keçir. Ardınca həvəskar və peşəkar klublarda asistent-baş məşqçi xəttini cızır. 2006-07-ci illərdə ABŞ-U23, 2006-11-ci illərdə isə milli komandanın çalışdırıcısı olan Bob "Çikaqo Fayr"la MLS, ABŞ-la CONCACAF kubokunda qalib adını qazanıb. 2011-13-cü illərdə Misir millisini çalışdıran Bredli bu ilin əvvəindən Norveç “Stabek”inin uğurları üçün işləyir.
 
Serxio Markaryan
Erməni əsilli məşqçi hazırda Peru yığmasının uğurları üçün baş sındırır. Uruqvay vətəndaşı olan Markaryan Cənubi Amerikanın məşhur mütəxəssislərindəndi. Nə təhsili var, nə də hansısa klubda futbol oynayıb. O, yazıda adıçəkilən digər məşqçilərdən fərqli olaraq nəinki peşəkar, heç həvəskar klublarda da çıxış etməyib. Cənubi Amerikada qazandığı 7 kubokla yanaşı, Avropada da "Panatinaykos"u (2002-04) çalışdırmaqla tanınır.
 
Xose Luis Sançes Sola
Meksika futbolunun son dövrlərdə yetişdirdiyi ən məşhur məşqçilərdəndi. Solanın futbolçu kimi heç bir fəaliyyəti olmasa da, "Tekos" komandası ilə etdikləri bütün ölkədə ad salıb.
 
Daniel Kordoba
Əsas peşəsi idman jurnalisti olan Kordoba Argentinada tanınmış məşqçilərdən hesab olunur. "Estudiantes"in başında olarkən, xüsusi hücum taktikası ilə adından söz etdirib.
 
AMİN
Shares: