Sözsüz ki, hər komandanın öz gücünə görə lider hesab oluna biləcək futbolçusu var. Düzdü, həmin futbolçular əksər vaxtlarda oynadığı klubda lider oyunçu olduğunu danaraq, komanda oyununu qabartsalar da, bu, sadəcə, təvazökarlıqdan başqa bir şey deyil. Bu futbolçulardan biri də son illər Azərbaycan futbolunun ən tanınmış simalarından, bəlkə də ən tanınmış siması hesab olunan futbol üzrə milli komandamızın və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovdu.

2009 -cu ildə Türkiyənin "Kocaelispor" komandasındakı karyerası uğursuz alındıqdan sonra Rəşad "Qarabağ"a qayıtdı. Onun ağdamlıların heyətinə qoşulması heç də təsadüfi deyildi. Belə ki, "Qarabağ"ın Avropa Liqasında çıxış etdiyi bir vaxtda mərkəz müdafiəçisi Aftandil Hacıyev zədəli olduğuna görə  Sadıqov 2 oyunluq “Qarabağ”a kömək etmək üçün klubla razılığa gəlir. "Atlılar"ın heyətində debüt matçı isə 16 iyul 2009-cu ildə Norveçin "Rusenborq" klubu ilə səfər oyununda təsadüf edir. Bir müddət sonra, 2009-cu ilin yayında ağdamlılarla 1 illik müqavilə imzalayan təcrübəli müdafiəçi "Qarabağ"ın heyətində ilk qolunu 2009/2010 mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyununda elə "Rusenborq"a vurur. Elə həmin qol "Qarabağ"ı UEFA Avropa Liqasının növbəti mərhələsinə çıxarır.

Həmin vaxt "Qarabağ" rəhbərliyi Rəşada xarici klublardan təklif gələcəyi halda, problem yaratmayacağını bildirmişdi. Rəşada bir neçə klub müqavilə təklif etsə də, futbolçu "Qarabağ"ın heyətində Dortmund "Borussiya"sına 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra "Əskişəhərspor"un dəvətini qəbul etdi. "Əskişəhərspor"la iki illik müqavilə imzalayan futbolçunun zədə və baş məşqçi amili üzündən Türkiyə macərası vaxtından əvvəl başa çatdı.

2011-ci ilin yanvarında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin istəyi ilə Rəşad Sadıqov yenidən ağdamlıların heyətində çəlb olundu. Amma elə ovaxtdan təcrübəli müdafiəçi əksər vaxtlarda zədədən qurtula bilməyib. Belə ki, 2012-2013 mövsümünün sonlarında zədələnən Sadıqov mövsümü vaxtından tez başa vurmuşdu. Ondan sonra isə zaman-zaman Sadıqov zədə üzündən bir sıra matçları buraxır.

Vaxtilə "Kocaelispor"da 1 nömrəli forma ilə çıxış edən futbolçu "Qarabağ"ın müdafiə xəttinin ağsaqqallıdı. Onun cəza və zədə səbəbi ilə "Qarabağ"ın oyunlarında iştirak etməməsi sözsüz ki, ağdamlıların oyunundan təsirsiz ötüşməyib. 2013/2014-cü mövsümünün geridə qalan 19 turu ərzində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 7 oyunda Sadıqovun xidmətindən yararlana bilməyib. Düzdü, "Qarabağ" Sadıqovsuz mövsümün açılış matçında "İnter"i 2:1, 4-cü turda isə "Qəbələ"ni səfərdə 1:0 hesabı ilə məğlub etməyi bacarıb. Ancaq 7, 8 və 13-cü turlarda Rəşadsız keçən matçlarda "Qarabağ" meydandan heç-heçə ilə ayrılıb ki, bu da çempionluq uğrunda aparılan mübarizədə vacib xalların itirilməsi deməkdi. Bundan əlavə olaraq Rəşadın tiribunadan izlədiyi 2 matçda ağdamlılar meydanı başıaşağı tərk edib. Belə ki, 17-turda səfərdə "Bakı"ya 1:2 hesabı ilə uduzan "Qarabağ" 19-cu turda da Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər Lənkəran"la oyunda məğlubiyyətdən qaça bilməyib. Ümumilikdə isə Sadıqovun iştirakı ilə keçməyən 7 oyunda "Qarabağ" cəmi 9 xal qazanıb. 19 tura ağdamlılar qapısında 12 qol görüb ki, bunlardan 5-i Rəşadın iştirak etmədikləri matçlara təsadüf edir.

Düzdü, baş məşqçi Qurban Qurbanov Sadıqovun yoxluğunu ciddi itki hesab etsə də, etika xatirinə əsas kimi komanda oyununun ciddiliyini vurğulayır. Ancaq statistika da göstərir ki, heç də Qurbanovun düşündüyü kimi deyil. Statistika da onu göstərir ki, Sadıqov həqiqətən də "Qarabağ"ın dirəyidi. Ya o layiqincə əvəz olunmalı, ya da əvəzolunmazlığı qəbul edilməlidi.

EMİN SƏFƏROV

Shares: