"Böyük oyun"un canlı yayınmlanması hələ də sual altındadı. Bu gün xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" tərəfi oyunun canlı yayımlamaq üçün "İdman Azərbaycan" kanalından yayım haqqı istəyir, onlar isə bundan boyun qaçırır.

Bu məsələdə peşəkarlıq baxımından cənublular haqlıdı. Dünya praktikasında da belədi ki, yayıma görə telekanallar klublara pul ödəməlidi. Amma "İdman Azərbaycan" kanalını da o baxımdan haqlı saymaq olar ki, bizim klubların, o cümlədən "Xəzər Lənkəran"ın oynadığı futbola görə yayım haqqı verməyə dəyməz. Çünki telekanal da bu yayım üçün reklamdan pul qazanmalıdı, amma reklamçılar bizim klubların oyununa görə əlini cibinə atmır, çünki lazımi qədər tamaşaçı auditoriyası toplanacağına əmin deyillər.

Bəlkə də "Xəzər Lənkəran" tərəfinin tələb etdiyi məbləğ 4-5 min manatdan çox deyil. Heç onların bu pula da ehtiyacı yoxdu.  Sadəcə, cənublular oyunun yayımlanmaması üçün prinsipial mövqe nümayiş etdirir. Onların bu oyunun efirə çıxmamasında məqsədlərinin nə olduğunu bilmirik. Ya həqiqətən də özlərini peşəkar kimi göstərmək istəyirlər, ya da matçda efirdə görünməməsi lazım olan nələrsə baş verəcək  ki, inada düşüblər. Amma bu dəqiqdi ki, onların telekanalın verəcəyi pula ehtiyacları yoxdu. “İdman Azərbaycan”a gəlincə, telekanal sırf qazanc amilinə görə haqlıdı, “Xəzər Lənkəran” – “Neftçi” oyunu onlara heç nə qazandırmayacaq. Amma dövlət büdcəsindən maliyyələşən bu qurum onu da düşünməlidi ki, onların işi idmanın təbliğidi və məhz belə oyunlara görə lazım olsa, cibə əl atmaq lazımdı.

İndi yayım hüququ PFL-dədi, qurum isə bunu “İdman Azərbaycan”a verib. Bir neçə il öncə yayım hüququ klubların özündə olanda onlar yenə heç nə qazanmırdı. Hərəsi bir telekanala pul ödəyirdilər ki, onların oyunları yayımlansın. Guya “Xəzər Lənkəran” yayım hüququ özündə olanda və ya avrokubok matçlarında yayımdan nəsə qazanıb ki, indi də “İdman Azərbaycan”dan pul istəyir? Bu, sadəcə, boşuna, bəlkə də məqsədli inadkarlıqdı. Ancaq onların bu prinsipial mövqeyindən ən çox azarkeşlərə zərbə dəyəcək. Məhz bu matçı gözləyən 10 minlərlə insan var, onlar isə həftəsonu İngiltərə Premyer Liqasının oyunlarına baxmalı olacaq.

Məsələylə bağlı ötən tur oyunları canlı yayımlanan iki kluba müraciət etdik. Görəsən, “Qarabağ” “Xəzər Lənkəran”la, “Neftçi” “Simurq”la ev oyununa görə “İdman Azərbaycan”a pul ödəyibmi?

Asif Əsgərov ("Qarabağ"ın meneceri): "Biz hər zaman oyunlarımızın canlı yayımlanmasının tərəftdarı olmuşuq. Bildiyiniz kimi, son turda "Xəzər Lənkəran"la oyunumuz da canlı yayımlanmışdı. Çünki hava şəraitini nəzərə alaraq bilirdik ki, azarkeşlərimizin əksəriyyəti hava soyuq olduğu üçün stadiona gəlməkdə çətinlik çəkəcək. Bu da futbolumuzun kütləviləşdirilməsi üçün atılan addımlardandı. Ancaq bu yayım üçün hər hansı bir məbləğ ödəmirik. Həmçinin də onlar bizdən hər hansı bir məbləği tələb etmirlər".

Gündüz Abbaszadə ("Neftçi"nin mətbuat xidmətinin rəhbəri): "Biz hər zaman ev oyunlarımızın canlı yayımlanmasının tərəfdarı olmuşuq. Bu mövsüm ən çox ev oyunu canlı yayımlanan "Neftçi" klubudu və buna görə kimsə kiməsə hansısa məbləğ ödəmir. Sözsüz ki, "Böyük oyun"un canlı yayımlanması istərdik. Bildiyiniz kimi, məlum səbəblərdən bizim azarkeşlərimiz Lənkərana səfər edə bilməyəcəklər. Düzdü, hələ oyunun canlı yayımlanıb-yayımlanmayacağı haqqında dəqiq məlumatım yoxdu. Xəbəri sizin saytınızdan oxudum. Biz hər zaman "İdman Azərbaycan" kanalının efir saatına hörmətlə yanaşaraq onlarla qarşılıqlı şəkildə oyunumuzun canlı yayımlanması üçün matçın başlama saatını razılaşırıq. Oyun canlı yayımlanmasa, biz qonaq komanda olduğumuz üçün müdaxilə edə bilmərik. Ancaq "Neftçi" futbol klubu olaraq azarkeşlərimizin matçı canlı izləməsi üçün əlimizdən gələni etməyə hazırıq. Çünki "Böyük oyun" hər kəsin maraqla gözlədiyi bir qarşılaşmadı.  Oyunun canlı yayımlanması üçün başlama saatının vaxtını da rəqiblə razılaşa bilərik”.

EMİN SƏFƏROV

Shares: