"Qarabağ" bu gün Qəbələyə yola düşür. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq ağdamlılar turnir cədvəlinin liderinə qarşı uğurlu nəticəyə ümid edir.
"Atlılar"ın baş məşqçisi Qurban Qurbanov klub saytına açıqlama verərək, əyalət təmsilçisi ilə baş tutacaq oyunu dəyərləndirib: "Qəbələ" cari mövsümdə olduqca xoş təsir bağışlayır. Hazırkı mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər. Çempionatın ilk yarısında qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar. "Xəzər Lənkəran"la oyunu artıq unutmuşuq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. "Xəzər Lənkəran"la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qeyd etdiyimiz kimi qarşıda hələ uzun bir marafon var. Qarşıdakı oyunlara motivasiya olmaq lazımdı".





