İngiltərə çempionatında 25-ci turun mərkəzi qarşılaşması sabah “Liverpul” və “Arsenal” arasında baş tutacaq. Futbolinfo.az xəbər verir ki, mersisaydların “Enfild Roud”da “topççular”ı qəbul edəcəyi matçdan əvvəl komandaların baş məşqçiləri media nümayəndələrinin suallarını cavablandırıblar.
Hazırda lider “Arsenal”dan 8 xal geri qalan “Liverpul”un çalışdırıcısı Brendan Rocers qarşıdakı oyunun əhəmiyyətini xüsusilə vurğulayıb:
“Çempionatın başa çatmasına 14 tur qalır. Buna görə də hər oyun olduqca önəmlidi. Bütün komandalar əsas rəqiblərindən xal almağa çalışacaq. Yaxşı bilirik ki, növbəti görüşdə qələbə qazansaq, “Arsenal”la xal fərqini 5-ə endirəcəyik. Əsas hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdı. Amma bacardıqca üst pillələrə qalxmağa can atırıq. Premyer-liqada rəqabətin güclü olduğunu nəzərə alsaq, çempionluq imkanlarımız azdı. Ancaq bu, o demək deyil ki, əllərimizi yana salmalıyıq. Sona qədər mübarizə aparacağıq”.
Rocersin həmkarı Arsen Venger isə rəqib komandanın hücum xəttinin çox təhlükəli olduğunu deyib: “Meydanda ağalıq etməyə, onları topsuz qoymağa çalışmalıyıq. Əlbəttə, “Enfild”də bunu etmək asan məsələ deyil. Amma oyun fəlsəfəmizi dəyişə bilmərik. “Liverpul”un hücum xəttində Starric, Suares və Koutinyo kimi futbolçular var. Onlar hər an qol vuraraq oyunun taleyini həll edə bilərlər. Odur ki, müdafiədə də diqqətli olmalıyıq”.
Qeyd edək ki, matç Bakı vaxtı ilə 16:45-də başlayacaq.





