Topaz Premyer Liqasının 20-ci turunda dünən “Xəzər Lənkəran” və “Neftçi” arasında növbəti “Böyük oyun” baş tutdu. Oyun bir sıra maraqlı məqamlarla yadda qaldı.
 
2 prinsipal rəqibin oyununda qollar kimi, qırmızı vərəqələr də bol oldu. Lakin qonaq komanda oyunun baş hakimi Rəhim Həsənovun onlara verdiyi qırmızı vərəqələrdən narazıdı. Həmçinin “Neftçi” tərəfi Lənkərandakı təşkilatçılıqdan da narazı qalıb. Bütün bunlar barədə futbolinfo.az saytına “ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanov danışıb:
 
“Bu oyunda bizi sıxdılar. Burada söhbət təkcə hakimlikdən getmir. Bu məsələlərə kompleks yanaşmaq lazımdı. Biz bilirdik ki, Lənkəranda futbol yox, “Neftçi”nin psixoloji durumu ilə oynayacaqlar. Son 3 ilin çempionu və hazırda liderlər qrupunda yer alan komandaya qarşı təxribatlar olur. Belə futbolun inkişafına nail olmaq olmaz. Artıq bir həftə öncədən oyununun canlı yayımlanmayacağı bəlli idi. Necə ola bilər ki, derbi adı almış oyun yayımlanmasın? Ölkə hüdudularından kənarda tanınan bu matç efirə verilmədi və azarkeşlər bu oyuna baxmaqdan məhrum olundu. Bunun altında sətiraltı mənalar var idi. Çünki bu oyunda nəyin bahasına olursa, olsun “Neftçi”yə qarşı təxribati gedişlər, psixoloji təzyiqlər etmək lazım idi. 90 dəqiqə ərzində “Neftçi”ni sındırmaq istəyirdilər. Canlı yayım məsələsindən sonra bu matça “möhtərəm” Rəhim Həsənovun təyinat alması, “Qəbələ” – “Qarabağ” oyununa ağdamlıların ştatdankənar və qanunui hakimi Əliyar Ağayevin təyinat alması təxribati hadisələr idi. Bunlar artıq onun göstəricisi idi ki, qarşıdakı turlarda Azərbaycan futbolunun başına çox oyunlar açılacaq.
 
Biz Lənkərana gələndə gecəyarısı “Neftçi”nin avtobusunun oteldə daşlanması normal deyildi. Bu, nə meydandı, nə stadiondu, oteldə komandamızın avtobusunu daşlayırlar. Bunlar hamısı “Neftçi”ni meydana çıxmamış sındırmaq istəyi idi. Bizi psixoloji məğlub etmək istəyirdilər. O insanlara üzümü tutub demək istəyirəm ki, “Neftçi”nin elə bir rəhbərliyi, elə baş məşqçisi, futbolçuları var ki, onu sındırmaq qeyri-mümkündü. Bunu meydanda əyani göstərdik. Oyunda da hesabda öndə idik.
 
Azarkeş məsələsini xüsusi vurğulamaq istəyirəm. Bu oyunda “Neftçi” azarkeşləri yox idi. Minlərlə lənkəranlı azarkeş yad əşyaları, oturacaqları meydana atırdılar. Əvvəl belə şeylər olanda bəhanə kimi “Neftçi” azarkeşlərini əsas gətirirdilər. Bəs indi nə bəhanə edəcəklər? Mahir Şükürovun 90 dəqiqə ərzində nəsli-kökü qalmadı, hamısını söydülər. Budumu azərbaycanlı mentaliteti?
 
“Xəzər Lənkəran” azarkeşləri öz futbolçularına irad bildirsinlər ki, belə komanda olmaz. Yüksək səviyyədə futbol oynamaq lazımdı. Bunu öz doğma komandalarına desinlər. “Qəbələ” – “Qarabağ” oyununda yerli komandanın azarkeşləri “Neftçi”nin əleyhinə təhqiramiz şüarlar səsləndirdilər. Canlı efirdən bu açıq şəkildə eşidilirdi. Orada da Mahir Şükürov yox idi ki. Bütün bunlar hamısı komandamıza qarşı, onun uğurlarına qarşı yaradılan təxribatlardı. Amma bunları meydanda etsinlər. Kim güclüdüsə, o qalib gəlsin. Əgər kütləvi şəkildə meydana oturacaqlar atılırsa, Rəhim Həsənov oyunu niyə saxlamır?
 
Ölkənin bir nömrəli derbisində AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev niyə yox idi? Onlar bu iki möhtəşəm komandanın oyununa şahidlik etməli idilər. Futbol kabinetdən idarə olunmur. Futbolu stadiondan idarə etmək lazımdı. “Neftçi” rəhbərliyi, futbolçuları olaraq sübut etdik ki, bizi sındırmaq mümkünsüzdü.
 
Mustafa Dənizli “Qarabağ”ı necə gözəl taktikası ilə yendisə, “Neftçi” də öz yaxşı taktikası ilə “Xəzər Lənkəran” qarşısında özünü sübut etdi. Biz heç bir milyonluq futbolçu və ya baş məşqçi gətirmirik. Sadəcə, yerli məşqçilərə güvənməklə uğurlar qazanırıq. Yeganə istəyimiz odu ki, imkan versinlər futbol oynayaq.
 
Rəhim Həsənov “Ginnesin rekordlar kitabı”na düşməlidi. Futbolçularımızı bu vəziyyətə gətirib çıxaranlar, meydanda təşiklati işləri düzgün yerinə yetirməyənlər və baş hakimdi. Gələn dəfə belə olsa, tam məsuliyyətlə deyirəm ki, çıxıb meydanda Rəhimi “şül-küt” edəcəyik. Bunu mən beynəlxalq dərəcəli hakim kimi deyirəm.
 
“Xəzər Lənkəran” futbol klubu oyun ərzində 100 dəfə deməli idi ki, meydanda təhqir olmaz. Onlar bizim üçün yalnız onu etdilər ki, avtobusumuz daşlanandan sonra mühafizəçi göndərdilər. Biz Lənkərana, doğma şəhərimizə gözəl oyun üçün mühafizəçisiz getmişdik. Lənkəran polis əməkdaşlarına, daxili qoşun əsgərlərinə təşəkkür edirik. Böyükağa Hacıyevin 55 yaşı var. Amma onu küçə söyüşlərinə qonaq etdilər. “Xəzər Lənkəran” güclü azarkeş ordusuna malikdi. Onlar belə azarkeş ordusu ilə hər il Avroliqanın qrup mərhələsində oynamalıdılar”.
 
ELSEVƏR
Shares: