Daha bir “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması tarixin yaddaşına qovuşdu. Özünəməxsus qalmaqalla, gərginliklə, dava-dalaşla. Kaş ki, indiyə qədər yaşananları, Rəhim Həsənovla bağlı “Neftçi” tərəfnin narazılıqlarını göz önünə alan Xaqani Məmmədov “Böyük oyun”un idarəçiliyini başqa birinə tapşıraydı.
 
Digər yandan Xaqani bəyin məhdud seçimlə üz-üzə qaldığı da məlum məsələdi. İddia etmirəm ki, Lənkərana Həsənovun yerinə Ağayev yollansaydı, tərəflərdən heç biri hakimliklə bağlı narazılığını dilə gətirməyəcəkdi. Sadəcə, ötən il “Qarabağ”la, bu mövsümsə “İnter”lə oyunda yaşananlar “Neftçi” tərəfinin əlinə bəhanə verib.
 
Əslində, oyundan sonra meydan sahiblərinin Adrian Skarlatakenin birinci hissədə vurduğu qolu hesaba almayan hakimdən narazılığını dilə gətirəcəyini təxmin edirdim. Amma sonradan yaşananlar həmin epizodu unutdurdu. İdman saytlarında yayılan bir şəkli görmüş olarsız: Kardosonun ayağı Rahid Əmirquliyevin şortuna ilişib. Əminəm ki, bu foto-kadr futbol meydanlarında baş verən ən məzəli hadisələrin toplusunda özünə üst sıralarda yer edə biləcək. Həmin şəkli görəndən sonra Rəhim Həsənovun cəsarətinə “əhsən” deməmək olmur. Orxan Məmmədovun rekordunu təzələməyi bacaran Həsənov “xalq komandası”nın ərköyünlük edən futbolçularına bir həqiqəti yaxşı başa saldı. Əyninizdəki formanın sizə verdiyi imtiyazlarla şıltaqlıq etməyin, bu formaya layiq olmağa çalışın. Yazırıq-deyirik, faydası yoxdu.
 
“Xəzər Lənkəran” tərəfinin aydan arı, sudan duru olduğunu da iddia etmək olmaz. Cənub klubu qarşılaşmanın televiziya ekranlarlarında canlı yayımına əngəl olmaqla süni gərginliyin yaranmasına rəvac verdi. Halbuki canlı yayım ətrafında söz-söhbətlər başlamasaydı, oyunun startına qədər bu cür gərginlik yaranmaz, “Böyük oyun”u canlı izləmək həvəsində olan futbol azarkeşlərinin gözü yolda qalmazdı. Oyunun yayınlanmasının belə israrla əngəllənməsi həmçinin hakimliklə bağlı müəyyən şübhələrə yol açmışdı. “Neftçi” tərəfi qəsdən uduzdurulacaqlarından tutmuş meydançanın ortasında linç ediləcəklərinə qədər daha hansı iddiaları səsləndirmirdilər? Yaxşı ki, bütün təxribatlara, qaraguruh ab-havasına baxmayaraq, “Böyük oyun” qansız-qadasız ötüşdü. Meydanda sərgilənən oyun, bilavasitə futbolçuların mübarizəsi, məşqçilərin taktiki gedişləri, hakimin cəsarətli qərarları, dolu tribunalar – hamısı məhz “Böyük oyun”un əzəmətinə uyğun idi. Sevinirdik ki, oyun öncəsi yaşanan qalmaqallar unudulacaq, mətbuat və azarkeşlər qalmaqalları yox, futbolun gözəlliyini müzakirə edəcəklər. Bu dəfə isə Böyükağa Hacıyev arzumuzu gözümüzdə qoydu.
 
Böyükağa bəyin bəzən cəsarətinə görə hamıya xoş gələn, bəzən də həddini aşan açıqlamalarına adət etmişik. Hər halda üç futbolçusu qırmızı vərəqə alan çalışdırıcının oyundan sonra hakimləri qınayacağı, hətta bir az da uzağa gedib, Rəhim Həsənovu “Neftçi”nin düşməni kimi qələmə verəcəyi gözlənilən idi. Amma gərək həmişə özünün savadı ilə öyünən Böyükağa bəy bölücülük salmaq istəyənlərin çörəyinə yağ sürtməsin. “Neftçi” kimi komandanın çalışdırıcısı Azərbaycanın həssas bölgələrində, hansısa ifadəyə müəlliflik edərkən sözlərini yüz ölçüb, bir biçməlidi. Cənab Hacıyev, Lənkərana gedib “yer söhbəti” salmaq yox, komandanızın son  beş dəqiqədə qalibiyyəti əldən verməsinin səbəblərini araşdırmaq lazımdı. Azərbaycanın vur-tut bir “Böyük oyun”u var, gəlin onu da düşmənlərimiz tərəfindən çirkin məqsədlər üçün istifadə olunan “böyüklərin oyunu”na çevirməyək!
Shares: