Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş "Qəbələ" – "Qarabağ" oyununda yerli azarkeşlər həm "Neftçi"yə, həm də "flaqman"ın müdafiəçisi Mahir Şükürova qarşı xoşagəlməz şüarlar səsləndirmişdi. Futbolinfo.az xəbər verir ki, bu da bakılıların vitse-prezidenti Tahir Süleymanovun kəskin narazılığına səbəb olmuşdu.
 
Bəs görəsən, "Qəbələ" azarkeşlərinin "Qarabağ"la oyun vaxtı tam fərqli klubu, futbolçunu təhqir etməsinə, onların əleyhinə belə şüarlar səsləndirməsinə nə səbəb olmuşdu? Saytımıza açıqlama verən "Qəbələ" fan-klubunun rəhbəri Ramin Hacıyev məsələyə belə münasibət bildirib:
 
"Futbolçu hansı klubda oynayırsa, gərək onun azarkeşlərinə, bayrağına hötmətlə yanaşsın. Digər kluba keçdikdən sonra azarkeşlər futbolçunun etdiyi hörmətsizliyi unutmurlar. Mahir Şükürov "Qəbələ"də oynadığı vaxtlarda ondan ancaq ziyan görmüşük. Klub olaraq Mahirdən xeyir görmədik. "Qəbələ"də oynadığı müddətdə iki oyundan bir qırmızı vərəqə alırdı. Daha sonra "Qəbələ"yə qarşı oyunda azarkeşlərə göstərdiyi barmaq işarəsi heç vaxt unudulmayacaq. Futbolçu ilk növbədə özünə hörmət etməlidi. Düzdü, Şükürov Azərbaycan səviyyəsində normal futbolçudu. Ancaq etdiyi hərəkətlərlə öz oyununu kölgədə qoyur. Mən hər zaman çalışmışam ki, "Neftçi" azarkeşləri Qəbələyə gələndə onlar üçün heç bir problem yaşanmasın".
Shares: