Bu gün İspaniya Kral Kuboku çərçivəsində baş tutacaq "Atletiko" (Madrid) – “Real” (Madrid) oyununa ev sahibi komanda ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, Madrid klubunun əsas qol ümidi Dieqo Kosta cəzalı olduğu üçün bu matçda iştirak edə bilməyəcək.
David Vilya və Felipe Luisin isə zədələri sağalmadığından meydana çıxmayacaqlar. O cümlədən Tiaqo və əsas qolkiper Tiba Kurtuanın da böyük ehtimalla bu matçda forma geyməyəcəyi gözlənilir.
Lakin komandanın baş məşqçisi Dieqo Simeone bunun onu narahat etmədiyini bildirib: "La Liqa, Çempionlar Liqası, Kral kubokunda mübarizəni davam etdirməyə çalışacağıq. İndiyə kimi istədiyimiz kimi bir mövsüm keçirmişik. Ancaq komanda olaraq daha da yaxşı olmaq məcburiyyətindəyik. Çalışqan olduğumuz üçün bura qədər gəlmişik və belə də davam etmək istəyirik. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik. "Atletiko" hər rəqibə çətinlik yaradacaq komandadı. Heyətdə zədəlilər varsa, onları əvəzləyə biləcək oyunçular da var”.





