Fransa Futbol Federasiyası (FFF) Liqa-1-də mübarizə aparan "Nant" klubunu cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın turnirin ilk turunda cəzalı futbolçunun xidmətindən istifadə etməsidi. Söhbət "Nant"ın "Bastiya"nı 2:0 məğlub etdiyi matçdan gedir.
 
Sözügedən oyunda cəzalı olmasına baxmayaraq, 19 yaşlı oyunçu Abdulaye Tureni meydana buraxan "Nant" buna görə 3 xalından olub. FFF ötən ilin avqustunda baş tutan oyunun nəticəsini ləğv edərək "Bastiya"ya texniki qələbə verib (3:0).
 
Bununla da Liqa-1-də 24 turdan sonra 9-cu pillədə olan "Nant" 3 xalının silinməsiylə 30 xalla 11-ci pilləyə geriləyib. "Bastiya" isə aktivinə yazılan 3 xal sayəsində 36 xalla 7-ci sıraya yüksəlib.
Shares: