"Bakı"nın hücumçusu Nurlan Novruzovun Türkiyənin "Fəthiyəspor" klubuna transferinin alınmamasında əsas səbəbkarlardan hesab olunan Vaqif Heydərli də öz bu məsələ ilə bağlı fikrini bildirib. Futbolinfo.az saytına açıqlamasında FİFA meneceri transfer təfərrüatlarını bu cür izah edib:
"O, deyə bilməz ki, mən sənəd imzalatdırmışam. Nurlan Novruzov "Bakı" ilə müqavilə imzalayaıb, mənimlə yox. Mən FİFA meneceriyəm, "Bakı"nın işçisi deyiləm. Novruzov heç mənim də futbolçum deyil. O, sadəcə kömək üçün mənə zəng vurdu. Mən də məsələni öyrənəndim. Ömər mənə dedi ki, "Fəthiyəspor" Nurlanın transferini istəyir. Mən də "Bakı"dan soruşdum. Onlar mənə dedi ki, biz Nurlanı birdəfəlik vermək istəmirik. Lakin həm Nurlanın, həm də Azərbaycan futbolunun inkişafı üçün futbolçunu uzunmüddətli icarəyə vermək qərarına gəldilər. "1 il, 2 il müddətinə icarədə oynasın, sonra oturub danışarıq" dedilər. Qarşı tərəf bununla razılaşmadı."Fəthiyəspor" Nurlanın transferini istəyirdi. Biz də dedik ki, 2 illik icarə müqaviləsi bağlayaq, getsin oynasın. Sonra türklər federasiyalarının 2 illik transfer müqaviləsi qəbul etmədiyini bəhanə gətirərək futbolçunu almaq istədiklərini bildirdilər. Dedilər ki, siz transfer vərəqəsini göndərin, biz federasiyaya verək, amma öz aramızda danışdığımız kimi razılaşaq. Bu da artıq həvəskar söhbət idi. Ciddi, peşəkar klub bu cür müqaviləyə razı olmaz. O da menecerdi, klubun yanında özünə bəraət qazandırmaq üçün bu məsələni ortaya atıb".
Daha sonra Heydərli pul məsələsin də münasibət bildirib: "Birinci ona sual vermək lazımdı ki, Vaqif Heydərli necə 100 min avro istəyə bilər? Mən nə klub rəhbəri, nə də futbolçunun meneceriyəm. Bu, klublar arasında olan məsələdi. Bunun mənə heç bir aidiyyatı yoxdu. Onlar istədiklərini deyir, biz də cavab vermədiyimiz üçün deyirlər ki, heç nə bilmirik. Bəsdi daha bizə yuxarıdan aşağı baxdılar".
Qeyd edək ki, Nurlan Novruzovun transferi ilə bağlı türkiyəli menecer Ömər Bedioğlu keçidin baş tutmamasında Vaqif Heydərlini günahlandırmış və onu ittiham etmişdi.
RÖVŞƏN ƏHLİMANOĞLU





