Zaqatalada əsl bayram ab-havası yaranıb. Bu, heç də sevgililər günü ilə əlaqədar deyil. Belə ki, zaqatalalı azarkeşlər səbrsizliklə "Simurq" – "İnter" matçını gözləyirlər.
Maraqlısı ondan ibatətdi ki, yerli azarkeşlər "İnter"lə "Simurq" arasında gəzən "böyük və kiçik qardaş" söz-söhbətlərinə görə narahatdı. Sevindirici haldı ki, bu gün stadiona axışan azarkeşlərin arasında yaşlı nəsilin nümayəndəli çoxluq təşkil edir. Onlar bu gün "Simurq"un "İnter" üzərində qələbə qazanacağına çox inanırlar. Yerli fanatlar həmçinin dünən baş tutan komandaların əvəzedici heyətləri arasında baş tutan oyunda əsas heyətin 9 üzvünün zaqatalalı olmasından da qürur duyurlar.
Oyunun başlamasına dəqiqələr qalmış hər kəs "Simurq" – "İnter" matçını müzakirə edir. Hazırda Zaqatalada hökm sürən hava şəraiti də qarşılaşmanın baş tutması üçün əlverişlidi. Zaqatalanın ucqar kəndlərində yağan qarın izləri hiss olunsa da, şəhərin mərkəzində hər kəs sarı-qara rənglərə bürünüb. Hiss olunur ki, yerli sakinlərin simasında bu gün baş tutacaq qarşılaşmanın "Simurq"un qələbəsi ilə başa çatacağına inam çoxdu.
Matçda, eləcə də oyun sonrası baş verəcək hadisələri operativ şəkildə sizlərə çatdırmağa çalışacağıq.
EMİN SƏFƏROV, ZAQATALA





