Topaz Premyer Liqasının 21-ci turunun maraqla gözlənilən oyunlarından biri də "Bakı" və "Neftçi" komandaları arasında baş tutacaq. Futbolinfo.az xəbər verir ki, "Böyük oyun"dan sonra "Neftçi"nin müdafiə xətində ciddi itkilər var. Belə ki, Karlos Kardoso, Bruno Bertuççi 4, Mahir Şükürov 3, Tərlan Quliyev isə 1 oyunluq komandasına kömək edə bilməyəcək.
Nazim Süleymanovun "Neftçi"yə başçılıq etdiyi qısa dövrdə "futbolçu alın" tələbini geri çəvirən klub rəhbərliyi indi çıxılmaz vəziyyətdə qalıb. Aparıcı futbolçuların cəzalı durumda olduğu bir vaxtda flaqmanın baş məşçisi Böyükağa Hacıyev rəhbərliyin atdığı addımın yalnış olmadığını sübut etməlidi. Amma necə?
Komandanın heyətinə nəzər saldqda, ehtiyyat qüvvənin bir o qədər də zəngin olmadığının şahidi oluruq. Qış fasiləsində PFL-ə təqdim etdiyi yenilənmiş sifariş vərəqəsində "Neftçi" 27 futbolçunun adını göstərib. Bunlardan 8-i müdafiəçidi. Müdafiə xəttində Mahir, Kardoso, Tərlan və Bertuççinin yoxluğunda Hacıyev həqiqətən də çətin durumda qalıb.
Əsas oyunçuların yoxluğunda baş məşqçinin Premyer Liqa təcrübəsi olmayan Məqsəd İsayevə şans verməsi gözlənilmir. Gözlənilən odu ki, Mahir Şükürovun yoxluğunda müdafiənin sağ cinahına yarımmüdafiəçi Emin Mehdiyev çəkilsin. Hazırda Hacıyevin yalnız müdafiənin mərkəzi ilə bağlı başı ağrımaya bilər. Çünki bu mövqedə oynamağa hazır olan üç oyunçu var – İqor Mitreski, Elvin Yuniszadə, Denis Silva. Güman ki, baş məşqçi onlardan ikisini müdafiənin mərkəzində oynadacağı halda, birinə də sol cinahda şans verəcək. Bu da böyük ehtimalla Elvin olacaq. Çünki Yunuszadə bundan əvvəl də ehtiyac duyulduğu halda, cinah müdafiəçisi kimi çıxış edib.
Erik Ramos da sarı vərəqə limitini doldurduğuna görə "Bakı"ya qarşı oynamayacaq. Hacıyev çox güman ki, onun əvəzində meydana Mirhüseyn Seyidovu buraxacaq. Gənc yarımmüdafiəçinin orta sahədə Rəşad Sadiqovla birgə çıxış etməsi mümkündü. Yarımmüdafiənin sağ cinahında həmişəki kimi, Araz Abdullayevin oynaması şübhə doğurmur. Hacıyev sol cinahda da Flavinyonun bacarığına güvənəcək. "Neftçi"nin tək hüçumçu ilə oynadığını nəzərə alsaq, həmin forvardın arxasında böyük ehtimalla Cavid İmamverdiyev oynayar. Yeganə hücumçu kimi isə, baş məşqçinin Ernest Nforu oynatması daha inandırıcı görünür. Amma Hacıyevin indiki heyətə görə tam fərqli taktikaya üstünlük verməsi də istisna olunmur.
EMİN SƏFƏROV





