"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Mənə elə gəlir ki, "Neftçi" üzərindəki bu qələbəyə görə sevinməliyik. Çünki biz sadəcə qələbə qazanmadıq, həm də onlara qarşı gözəl oyun sərgilədik. Oyunun əvvəlində rəqib bizə təzyiq edirdi. Etiraf edim ki, "Neftçi" oyuna belə heyətlə çıxacağını gözləmirdim. Heyətdə hücumameyilli futbolçu çox idi. Fasilədə futbolçularıma dedim ki, səbrli olmaq lazımdı. İkinci hissədə fərqi gördünüz. Biz daha yaxşı oynadıq və iki qol vurduq. "Neftçi" ilə aradakı xal fərqini azaltdıq. Bu qələbəyə baxmayaraq, komandam hələ tam hazır deyil.
Artıq "Xəzər Lənkəran"la oyunu düşünürük. Orada maksimum xal qazanmalıyıq. Bu qələbə də bizə növbəti oyuna hazırlaşmağa kömək edəcək. İlk dəqiqələrdən futbolçularıma dedim ki, hakimlə mübahisə etməsinlər Hakim də futbol adamıdı. Hakimləri təbrik edirəm. Yaxşı oyun idarə etdilər.
"Neftçi"nin əsas heyət futbolçuları olsaydı, qalib gələ bilərdik, ya yox, bunu Allah bilər. "Neftçi" qapımız qarşısında qol vəziyyətləri yaratdı, amma istifadə edə bilmədi. Biz sona qədər səbr etdik. "Neftçi" ölkənin ən böyük klubudu. Onlar meydana çıxanda rəqibi yox, öz oyunlarını düşünməlidilər.
Araz Abdullayevlə Flavinyonu bağlamaq üçün xüsusi tapşırıq vermişdim. Onlar rəqibin ən təhlükəli futbolçularıdı. Onlara imkan vermək olmazdı. Risto Ristoviçə də Rəşad Sadiqovu bağlamağı tapşırmışdım. Buna nail olduq. Noquera da Ristoviçi əvəzələyəndə eyni işi görməyə başladı. Sadiqov keyfiyyətli futbolçudu. Onun qarşısını almaq bizim işimizə yaradı".





