Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışovun futbolinfo.az saytına müsahibəsi
 
– Uzun müddət idi ki, zədəli idiniz. Hazırda durumunuz necədi?
– Rusiya ilə oyundan sonra köhnə zədəmi təzələmişdim. Buna görə 3-4 həftə müalicə aldım. İndi tam olmasa da, normalam.
 
– Avropa Liqasının 4-cü turunda qarşılaşdığınız İngiltərə “Viqan”ı ilə oyuna da bu səbəbdən çıxmamışdız?
– “Viqan” la oyundan əvvəl məşqçilər oynaya biləcəyimi soruşdular. Həkimlərlə danışdıq. Onlar tələsməməyi məsləhət gördülər. Ona görə risk etmədim. Ayağımda hələ də ağrı var idi.
 
– Komandanız pley-offa vəsiqəni təmin edib. Necə düşünürsüz, ötən ilki uğuru təkrarlaya biləcəksiz?
– “Rubin” də bu dəqiqə hücumçu problemi var. Qışda rəhbərlik bunu həll edəcək. Bundan sonra uğurun davamını gətirmək çətin olmamalıdı.
 
– Qrup mərhələsindəki son oyunlar formal xarakter daşıyacaq. Necə düşünürsüz, baş məşqçi sizə etimad göstərəcəkmi?
– Avroliqanın əksər oyunlarında demək olar ki, forma geyinmişəm. Növbəti oyunlarda da oynamağım üçün heç bir problem görmürəm. Vəziyyətim də gündən-günə yaxşılığa doğru dəyişir. Qalan hər şey Kurban Berdıyevin qərarından asılı olacaq.
 
– Zədədli olduğunuz bir vaxtda millidən dəvət gözləyirdizmi?
– Əgər indiki halda zədəli olsaydım, yəqin ki, gözləməzdim. Amma artıq bir həftə olar ki, tam gücümlə komanda ilə məşqlərə başlamışam. Buna görə özümü millidə oynamağa hazır sayıram.
 
– İlk oyun Estoniya ilə olacaq. Bu oyundan nə gözləyirsiz?
– Çətin rəqibdi. Evdə Hollandiya ilə oyunlarını izləmişəm. “Amkar”da oynayan Vasilyev onların lideridi. Bir sözlə, qələbə qazanmaq üçün xeyli əziyyət çəkmək lazımdı.
 
– Bəs Qırğızıstan necə? Çoxları onları zəif rəqib kimi görür…
– Onlari heç tanımırıq. Bu, bizə çətinlik yaradacaq. Üstəlik, Asiya komandaları sərt oyuna üstünlük verirlər. Amma nə olur olsun, qələbə qazanıb məğlubiyyətsizlik seriyamızı davam etdirmək istəyirik.
 
– Bu, Foqtsun rəhbərliyi altında son 2 oyun ola bilər. Çünki müqaviləsinin müddəti bitmək üzrədi. Necə düşünürsüz, Foqts qalmalıdı?
– Bu suala cavab vermək istəməzdim. Bunu AFFA rəhbərliyi daha yaxşı bilər. Ancaq onu da deyim ki, Foqts bizi yaxşı tanıyır. Yeni məşqçi gəlsə, vaxt istəyəcək. Həm də "futbolçuları tanımıram, təzə komanda yığıram" kimi bəhanələri olacaq.
 
– Əgər Foqts getsə, yerinə yerli, yoxsa əcnəbi məşqçi gəlməsi yaxşı olar?
– Mən hər zaman yerli məşqçilərin tərəfdari olmuşam. Əgər xarici məşqçi gələcəksə, öz sözünü demiş, özünü sübut etmiş olmalıdı. Bir də ki, yeni əcnəbi gtirməkdənsə, elə Foqts qalsa ondan yaxşıdı.
 
– Premyer Liqamızı izləyirsiz?
– Hə. İmkan olanda baxiram.
 
– Çempionluq mübarizəsinin hansı klublar arasında gedəcəyini düşünürsüz?
– Məncə, “Neftçi” “Qarabağ” və “Qəbələ” əsas favoritlərdi. Amma “Bakı” və “İnter” də əla komandalardl. AZAL isə Vaqif Sadıqova adını çəkdiklərim klublardan heç də geri qalmır. Hər biri çempion ola bilər. Amma “”Neftçi və “Qarabağ” çempionluğa daha çox yaxındılar.
 
– Rusiyadakı karyeranızdan razısınızmı?
– Yeganə problem az oynamağimdadı. Qalan hər şey urəyimcədi. Burada futbola münasibət tam fərqlidi. Əsas heyət uğrunda mübarizəmi davam etdirirəm. Hələ öz sözümü deməliyəm.
 
KƏMALƏ İSMAYILOVA
Shares: