Noyabrın 15-də Tallində Estoniya, 19-da isə Bişkekdə Qırğızıstan millisi ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə nəzər salanda müəyyən təzadlar gözə çarpır. Yox, mən bu açıqlanan heyətlə Berti Foqtsun gələcək taleyi adına fal aça bilmərəm. Alman mütəxəssisin yığmaya dəvət etdiyi oyunçuların siyahısı bizə gələcək məşqçimizin kim olacağından xəbər vermir.
Düzü, hazırda məni gələcək məşqçimizin kim olacağı elə də maraqlandırmır. Çünki yalandan baş sındırmaqla nəyəsə təsir etməyəcəyik. Sadəcə, tapmaca tapmağa çalışacağıq ki, bu da heç nəyi dəyişməyəcək.
Hazırda məni Azərbaycan millisinin gələcək heyəti maraqlandırır. Məsələ ondadı ki, adətən bir tsikl başa çatandan sonra keçirilən oyunlarda baş məşqçilər gələcək komandanı qurmaq üçün heyətə yeni oyunçular cəlb edir. Məhz təxminən bir illik fasilə müddətində baş məşqçi yeni oyunçuları sınaqdan keçirir. Amma əvəzində biz nə görürük? Hələ qalmasıyla getməsi bilinməyən Berti Foqts seçmə mərhələdə kimləri yığmaya dəvət edibsə, elə həmin futbolçuları da Estoniya və Qırğızıstan milliləriylə matça çağırıb. Yalnız qapıçı Fərhad Vəliyevlə yarımmüdafiəçi Rəşad Sadiqovun yenidən yığmaya qayıtması xüsusi vurğulanmalıdı. Halbuki, bu oyunçular yeni simalar deyil və Foqts onları dəfələrlə süzgəcdən keçirib.
Əslində, söhbətin şirin yerində rəqiblərin seçimi haqda da müəyyən mülahizələr yürütmək olar. Millimizin Estoniyayla səfərdəki oyununu hardasa normal qarşılamaq olar. Ancaq Qırğızıstan sevgisinin haradan baş qaldırdığını və bu oyunun bizə nə verəcəyini düşünəndə bir qədər suallar içərisində qalırsan. Ancaq tarixə baş vuranda qismən AFFA-nın Asiya şakərinin olduğunu görürsən. Hindistan, Fələstin, Bəhreyn və İordaniya kimi yığmalarla oyunlar təşkil edən federasiyanın Qırğızıstana müraciət etməsi başadüşüləndi. Sadəcə, belə komandalarla oyun bizim yığmaya heç nə vermir. Əsasən də belə heyətlə.
Qırğızıstan millisiylə oynayarlar, söz yox, amma eksperimental heyətlə. Əsas komandanın üzvlərini belə oyunlarda döyüşə niyə atırsan? Əgər buna döyüş demək olarsa. Belə matçlar döyüş yox, sadəcə, atışmadı. Atışmada isə sənə avtomatlar yox, tüfənglər lazımdı. Biz isə elə avtomatımızla həm adam vururuq, həm də qurd.
Nə isə belə məntiqə yalnız bir ad vermək olar: oyun xatirinə və ya reytinq xalları naminə oyun! Milli komandamız sadəcə təqvimdə yeri boş qalmasın deyə, hazırlıq matçlarına çıxır. İrad bildirəndə də, sənə bu cavabı verəcəklər: yadından çıxıb, vaxtıyla təqvimdə oyunlar nəzərdə tutulanda biz özümüzə rəqib tapa bilmirdik (Ekspress). İndi isə hər dəfə bu boşluqdan istifadə edirik…
Əcəb məntiqdi! Belə çıxır, hər dəfə belə lazımsız oyunlar olanda biz yola verməliyik? Bəs, yığmaya düşməyənləri necə sınayaq? Eh, nə qoyub nə axtarırıq?! Bütün dünyada U-21 millisi əsas yığmaya xidmət etdiyi bir məqamda bizdə tərsinədi. Bu iki oyunda Araz Abdullayevi çağırmayan Foqts onu Bernard Lippertə "padnos"da təqdim edib. Nə var-nə var, 21 yaşa qədər futbolçularımız taleyüklü oyuna çıxacaq. Halbuki, Lippert Foqtsa xidmət edib ona yeni oyunçular təqdim etməlidi. Və onlar məhz indi – tsikl başa çatandan sonra yaya kimi sınanıb növbəti seçmə mərhələdə əsas komandada oynamalıdılar.
Təəssüf ki, bu gün U-21-lə əsas millimiz arasında nəinki quru sahəsi, heç körpü də yoxdu. Foqts yeni oyunçular üzərində eksperimentlər aparmır. Onun təcrübələri cinah müdafiəçisini dayaq yarımmüdafiəçisi kimi, hücumçunu da cinah yarımmüdafiəçisi kimi oynatmaqdı. Meydanda "variasiya" etməklə inkişaf olmur. Meydandankənara nəzər salmaq lazımdı…
CAVAD





