Milli komandanın klubdan fərqi nədi? Cavab elə sualın özündədi. Milli deyirsənsə, deməli, onun üzvləri də milli olmalıdı. Yəni, həmin ölkədə doğulan və damarında həmin millətin qanı axan oyunçular top qovmalıdı.
 
Yox, bunu şovinist fikirlər kimi qələmə verməyin! Qəbul etmək lazımdı ki, müasir dünyada legionerlər öz vətənindən kənarda hansısa millinin şərəfini qoruya bilər. Hətta ən güclü yığmalarda belə başqa millətin nümayəndələri top qovur. Heç uzağa getməyib son AÇ və DÇ-nin qalibi İspaniya millisinin braziliyalı Dieqo Kostaya qucaq açmasını nümunə gətirmək olar. Amma hər nə qədər də olmasa, Almaniya, İspaniya və Fransa yığmasında top qovan legionerlərin özünün də həmin ölkəyə hardasa bağlılığı var. Məsələn, Məsut Özil türk olsa da, Almaniyada doğulub. Bu sözləri həmçinin Fransanın əfsanəvi oyunçusu Zinəddin Zidana da aid etmək olar. Dieqo Kosta isə karyerası boyunca Braziliyada top qovmayıb və 2007-ci ildən İspaniyada çıxış edir. Amma bizdə…
 
Guya əlimiz bala batmışdı?
 
Bu yazını qələmə almağıma "Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Reynaldonun Azərbaycan yığmasında oynamağa razı olmasıyla bağlı açıqlaması səbəb oldu. Əlbəttə, qəbul etmək lazımdı ki, hazırda Azərbaycan millisində Reynaldo səviyyəsində oyunçu yoxdu. Braziliyalının "Qarabağ"ın heyətində sərgilədiyi oyun həqiqətən də möhtəşəmdi. Onun avrokuboklarda Ağdam klubuna verdiyi xeyri danmaq mümkün deyil. Ancaq Azərbaycan millisinə Reynaldo lazımdı? Həsənağanın qohumunu mütləq boynumuza mindirməliyik? Milli yaxşı çıxış etsin deyə, onun qapısını hətta supersəviyyəli legionerlərin üzünə açmalıyıqmı?
 
Əlbəttə, bu suala hərə bir cür cavab verə bilər. Azarkeşlər arasında "hə"lərlə "yox"ların toqquşması labüddü. Ancaq gəlin məntiqlə fikirləşək və tarixə baş vuraq! Hər halda, başına gələn başmaqçı olar. Biz vaxtıyla milliləşdirilən oyunçulardan fayda götürməyə çalışmışıq. Ancaq tarix göstərir ki, heç vaxt belə oyunçulardan bizə fayda gəlməyib.
 
Vaxtıyla Branimir Subaşiç, Andre Ladaqa, Fabio Luis Ramim və Leandro Qomeş bizim yığmamıza nə verib axı? Düzdü, Subaşiç Polşaya, Ladaqa Qazaxıstana qol vurub. Amma bu, qətiyyən yığmanın nəticələrinə sərf etməyib. Bugünə qədər heç nə dəyişməyibsə, bundan sonra hansısa bir legionerlə nəyi dəyişdirməyə çalışacağıq?
 
Əlbəttə, Reynaldonun səviyyəsinin yuxarıda adlarını çəkdiyim oyunçulardan üstün olduğunu iddia etmək olar. Ancaq gəlin razılaşaq ki, bir güllə bahar olmayacaq. Əminliklə söyləyirəm ki, bu gün Reynaldodan da səviyyəli dünya ulduzu yığmamızın şərəfini qorusa, millimiz DÇ və AÇ-yə yollanmayacaq. Müasir futbol fərdlər yox, sistem, taktika və komanda oyunudu. Həm də ki, bugünə qədər millimizin şərəfini qoruyan legionerlər sonradan nədənsə itib batıb. Taleyin qəribəliyinə bax ki, Azərbaycana şah kimi gələn əcnəbilər sonradan bizim futbol bataqlığımızda batıb bizim səviyyəmizə düşüblər. Yəni, Reynaldonun da belə bir aqibət yaşaması istisna deyil.
 
Reqlamentinə bax, sonra milliləşdirilənlərdən danış!
 
Reynaldonu milliyə calaq edənə qədər öz içimizdən futbolçu yetişdirmək daha məqsədəuyğundu. Əlbəttə, bu, gəlişigözəl söz ola bilər. Bunu deməkdən asan heç nə yoxdu. Amma niyə tək deməklə kifayətlənirik ki?! Hərəkət edək də! Problem ondadı ki, bizdə hərəkət də kağız üzərindədi. Belə ki, AFFA-nın qərarına əsasən hər bir premyer-liqa komandası hər bir oyunda meydanda 21 yaşa qədər bir futbolçunu oynatmalıdı. Yəni 90 dəqiqə meydanda bu kateqoriyaya aid olan oyunçu mübarizə aparmalıdı. Kənardan gözəl görünür, düzdü? Amma gəlin görək bunun effekti varmı? Yalandan reqlament hazırlamaqdansa, həmin futbolçuların effektli olması və gələcəkdə yığma komandada top qovması üçün iş görmək lazımdı. Hazırda millimizin heyətinə hansı belə gənc oyunçu dəvət edilir ki? Çempionluq uğrunda mübarizə aparan komandalardan tutmuş autsayderlərə qədər hamısı "ağa deyir sür dərəyə, sür dərəyə" prinsipiylə hərəkət edir. "Xala xətrin qalmasın" deyə qayda çıxartmaqla ölkə futbolunu inkişaf etdirmək olmaz.
 
Əlbəttə, həmin 21 yaşlı futbolçunun faydalı olmaması üçün AFFA günahkar deyil. Gənclərin inkişafına klublar cavabdehdi. Sadəcə, bu effekt vermədiyi halda bundan ağzıdolusu danışmaq nəyə lazım? Həmin qaydanın mövcudluğu nəyi dəyişir, mövcud olmaması nəyi dəyişir? Sözümün canı, Reynaldo üçün canfəşanlıq etməkdənsə, effektli reqlamentlər hazırlamaq lazımdı. Azərbaycan yığması milliləşdirilən oyunçuları ilə kənara çıxanda dünya bizə "əhsən" deməyəcək. Hamı deyəcək ki, özləri oynaya bilmirlər, oradan-buradan oyunçu gətirirlər.
 
Hazırda FİFA-nın reytinq cədvəlində Türkiyəni belə qabaqlayan Ermənistan millisinin heyətində bir ara Pitselli top qovurdu. İndi isə həmin hücumçu əsas heyətdən sıxışdırılıb və bəzən matçın son dəqiqələrində meydana çıxır. Millidə saflığı qorumaq şərtdi. Körpünü keçənə qədər ayıya dayı demək lazımdı. Amma biz nə körpünü keçənə oxşayırıq, nə də ayıdan əl çəkənə…
 
FƏRİD
Shares: