Azərbaycan futbolunun gərginliyindən, söz-söhbətindən yorulan oxucular üçün bir az əyləncə olsun deyə, növbəti müsahibimizi müğənnilər arasından seçdik. Qonağımız isə qısa zaman ərzində sənəti və qalmaqalları ilə və gündəmdən düşməyən gənc müğənni Həmid Sultandı.
 
– Futbola marağınız var?
– Uşaq vaxtı hər gün oynayardım. Müdafiəçi mövqeyində oynamağı xoşlayırdım. İndi də oynamaq istərdim, ancaq çoxdandı vaxt edə bilmirəm.
 
– Nə əcəb futbolçu olmadız?
– Arzum ya hüquqşunas, ya da müğınni olmaq idi. Çox şükür, bu gün hər ikisinə yiyələnmişəm. Rusiya Hüquq Akademiyasında təhsil almışam, müğənni kimi də azdan-çoxdan uğurlar əldə edirəm.
 
– Sizcə, futbolçu olmaq çətindi, yoxsa müğənni?
– Hər sənətin gərək peşəkarı olasan. Əslində, mən futbolu heç də pis oynamırdım. Ancaq yadımdadı, cığallıq edirdim. Bilərəkdən rəqibi təpikləyirdim ki, yaxşı oynaya bilməsinlər… Hətta penalti vuranda belə qol vurmaqdan çox, qapıçıya zərbə vurmaq haqda düşünürdüm… (gülür)
 
– Həyatda da belə kinlisiz, yoxsa sırf futbolda?
– Kinliyəm… (gülür)… Tez coşuram, tez də ürəyim yumşalır.
 
– Hansı komandaya azarkeşlik edirsiz?
– “Qalatasaray”lıyam…
 
– Bəs Azərbaycan çempionatını izləyirsiz?
– Vallah vaxtım olmur. Həm də marağım azalıb nəsə. Artıq dünya çempionatında belə oyunları alıb-satıllar. Bu da insanda marağı öldürür.
 
– Demək istəyirsiz ki, artıq futbol qumara çevrilib?
– Ay sağ olun… Belə düşünürəm. Necə ki, pullu iş adamları şou-biznesi qumara çeviriblər, yəni müğənnilərə pul qoyub, onlarla əylənirlər, oyuncaq kimi yanaşırlar, eləcə də futbolçularla oyuncaq kimi davranırlar. Üzərlərinə pul qoyurlar və kənarda mübahisə edirlər ki, kimin futbolçusu, komandası yaxşı oynayır. Bəlkə də iş adamları dünya futboluna pul yatırmasaydı, futbola daha ciddi yanaşardım. Ancaq futbolçulara hörmətim var. Müğənnilər də futbolçular kimi kimlərinsə əyləncəsinə xidmət edir.
 
– Heç futbola pul yatırmısız, bukmekerden istifadə etmisiz?
– Xeyr. Mən reallığı sevən insanam və hansısa addımı atanda öncə nəticəni düşünürəm. Siz də mənim dediyimə gəlirsiz ki, futbolçulardan istifadə etdikləri kimi, camaatdan da istifadə edib, ciblərini doldururlar. Gedib ora 5-10 manat pul qoymaqdansa, ailəsinə xərcləsin o pulu. İmkan verməsinlər ki, o, “iş adamları” onları aldatsın. Çoxları bu pul yatırımlarına görə evsiz-eşiksiz, maşınsız qalıb.
 
– Sonucu dəfə hansı oyunu izləmisiz?
– Heç yadımda deyil…
 
– Ən bəyəndiyiniz futbolçu hansıdı?
– “Qalatasaray”dan Hakan Şükür.
 
– O, artıq karyerasını bitirib. Bəs yenilərdən?
– Çətinlik çəkirəm.
 
– Bəs azərbaycanlılardan necə?
– Heç birini tanımıram. Tanımamağımın da səbəbi odu ki, Azərbaycanda futbola baxanda həyəcan yox, əsəb keçirirəm. Uduzmaq olar e, ancaq baxır necə də.
 
– Ancaq son oyunlarda qələbə qazanır, heç-heçə edirlər.
– Həə… Bu, artıq böyük nailiyyətdi… (gülür)
 
RÖYA KƏRİMLİ
Shares: